Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Qərarı uşaq və ailə hüquqlarının müdafiəsi kontekstində

24 fevral 2026 15:17

Paylaş:

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” 24.12.2025-ci il tarixli 20 nömrəli Qərarı (bundan sonra – Qərar) məhkəmə təcrübəsinə çoxsaylı yeniliklər gətirmişdir.

            Qərar haqqında ümumi məlumatlar 

 Qərarın qəbul olunması məqsədləri aşağıdakılardır:

 – şəxsiyyət hüquqlarının müdafiəsi və hüquqların pozulmasından irəli gələn zərərin kompensasiyası ilə əlaqədar yaranan mübahisələrin həlli zamanı qanunvericiliyin düzgün tətbiq edilməsi

- vahid məhkəmə təcrübəsinin formalaşdırılması

 Qərar müasir dövrün hüquqi və sosial çağırışlarına cavab verməklə söz azadlığı ilə şəxsi hüquqlar arasında balansın qurulması, rəqəmsal mühitdə şəxsi nüfuzun qorunması kimi məsələlərdə qanunvericiliyin tətbiqində hüquqi vahidliyin və sabitliyin təmin edilməsində mühüm əhəmiyyətə malikdir.     

             Qərarda şəxsiyyət hüquqlarının mahiyyəti, dairəsi və qanuni təminatları geniş açıqlanmışdır.

           Şəxsiyyət (qeyri-əmlak) hüquqları – şəxsə anadangəlmə və ya qanunla mənsub olan, iqtisadi dəyəri olmayan, şəxsiyyəti ilə bağlı olmaqla ayrıla, özgəninkiləşdirilə və ya hər hansı başqa üsulla ötürülə bilməyən hüquq və azadlıqlardır.  Toxunulmaz olan şəxsiyyət hüquqlarına hörmət etmək və onları pozmamaq hər kəsin borcudur. Bu baxımdan şəxsiyyət hüquqları onu pozan hər kəsə qarşı irəli sürülə bilən hüquqlardır (mütləq hüquq) və onların müdafiəsinə müddət şamil olunmur.

            Şəxsiyyət hüquqlarına Azərbaycan Respublikası Konstitusiyasının III fəslində sadalanan hüquq və azadlıqlar, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquqi sənədlərdə və daxili qanunvericilik aktlarında təsbit edilmiş sair hüquqlar (valideynlik, uşaqla ünsiyyət, unudulmaq hüquqları və s.) aiddir.

         Şəxsiyyət hüquqlarının müdafiəsi usulları – şəxsiyyət hüquqlarının pozulmasının təsbit edilməsi, pozuntunun qarşısının alınması, pozuntunun aradan qaldırılmasıdır. Məsələn, şəxsin razılığı olmadan yayılmış şəxsi həyat məlumatlarının, video və ya foto təsvirlərinin dərhal silinməsi tələb oluna bilər, həqiqətə uyğun olmayan məlumatlar yayıldıqda, həmin media resursunda təkzib verilməsi tələb oluna bilər.

              Şəxsiyyət hüquqlarının pozuntusundan yaranan zərərin kompensasiya üsulları – maddi zərərin və mənəvi təzminatın ödənilməsidir. Məhkəmələr təzminat təyin edərkən pozuntunun növünü, dərəcəsini, davam etmə müddətini və baş verdiyi mühiti (məsələn, geniş auditoriyalı sosial media) nəzərə almalıdır.  Şəxsiyyət hüquqlarının müdafiəsi üsulları ilə mənəvi zərərin kompensasiyası üsulları fərqləndirilməlidir. Məsələn, əgər bir şəxsin ailə sirri sayılan yazışmaları yayılıbsa, məhkəmənin həmin yazışmaları saytdan sildirməsi müdafiə üsuludur, bu hadisəyə görə zərərçəkmişə 3000 manat ödənilməsinə qərar qəbul etməsi isə mənəvi zərərin kompensasiyasıdır.

             Uşaqların şəxsiyyət  hüquqlarının müdafiəsi 

 Bu Qərar uşaqların şərəf və ləyaqətinin, şəxsi həyat toxunulmazlığının müdafiəsi, rəqəmsal mühitdə məlumatlarının qorunması baxımından da mühüm hüquqi əsas yaratmışdır. Belə ki, müasir cəmiyyətdə uşaq hüquqları və onların rəqəmsal mühitdə müdafiəsi prioritet sahədir.

 Qərarda uşaqların şəxsi məlumatları və nüfuzu aşağıdakı ümumi prinsiplər çərçivəsində müdafiə olunur:

-       adı, şəkli və şəxsi məlumatlarının açıqlanmaması

-       sosial şəbəkələrdə, media və ictimai yerlərdə uşağın mənafeyinə zidd paylaşımın qarşısının alınması

-       mənəvi zərərin ödənilməsi tələblərinin uşaq hüquqlarına tətbiqi

 Belə ki, uşağın adı, şəkli və şəxsi məlumatları ictimaiyyətə açıqlanarkən məhkəmə bu pozuntunu hüquqi müdafiə predmetinə çevirə bilər.

  •  Uşaqlar barədə həqiqətə uyğun olmayan məlumatın yayılması böhtan sayılır.
  •  Uşağın travma risqini nəzərə alaraq məhkəmə mənəvi zərərin ödənilməsini tələb edə bilər.
  •  İnternetdə uşağın məlumatlarının yayılmasına məhdudiyyət qoyulur.
  •  Uşaqlar ictimai fiqur deyilsə, onların məlumatları ictimai marağa görə açıqlana bilməz.

Qərarda uşaqların əsas şəxsiyyət hüquqlarının dairəsi göstərilmişdir. Bunlar:

 - ad, ata adı və soyad daşımaq

- ailədə yaşamaq və tərbiyə almaq

- öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək

- təhsil almaq

- istismardan və zərərli təsirlərdən mühafizə olunmaq

- cinsi ayrı-seçkiliyə məruz qalmamaq

- cinsi istismardan, cinsi və məişət zorakılığından müdafiə olunmaq

- valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq

- öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi hüququna valideynləri (onları əvəz edən şəxslər) tərəfindən sui-istifadə etmə hallarından müdafiə olunmaq və s. hüquqları qeyd etmək olar.

  •             Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz.
  •             Sadalanan hüquqların pozulması hüquqi nəticələr yaradır .

             Ailə münasibətlərindən irəli gələn şəxsiyyət hüquqlarının müdafiəsi

Qərarda şəxsi və ailə sirrinin toxunulmazlığı ön plana çəkilir:

- ər-arvad arasında və ya ailə üzvləri tərəfindən bir-birinin şəxsiyyət hüquqlarına (məsələn, gizli video-audio yazılarının yayılması, ailə sirrinin yayılması) müdaxilə edilməsi hüquq pozuntusu hesab olunur və zərərçəkmiş tərəf mənəvi zərərin ödənilməsini tələb edə bilər

 - ailə daxilində baş verənlər və ictimaiyyət üçün açıq olmayan məlumatların, həmçinin şəxsi həyata aid məlumatların icazəsiz yayılması hüquqi məsuliyyət yaradlr.

 Qərarda ailə münasibətlərindən irəli gələn şəxsiyyət hüquqlarına da mühüm diqqət yetirilmişdir.

            Ailə münasibətlərindən irəli gələn şəxsiyyət hüquqlarına aşağıdakılar aid edilmişdir:

- nikaha daxil olmaq hüququ

- boşanmaq hüququ

- ailə üzvlərindən qarşılıqlı yardım və hörmət gözləmək hüququ

- ər-arvadın özünə soyad seçmək hüququ

- ər-arvadın hüquq bərabərliyi

- cinsi və məişət zorakılığından müdafiə olunmaq hüququ

- valideynlərin uşaqların tərbiyəsində, təhsilində iştirak etmək, onlarla ünsiyyət hüququ və sair hüquqlar aiddir.

 Məsələn, əgər bir valideyn digərinə uşaqla ünsiyyət qurmağa qanuni əsaslar olmadan maneə törədərsə (uşağı gizlədir, görüşə gəlmir), bu artıq, şəxsiyyət hüququna müdaxilə hesab olunur. Ünsiyyət hüququ pozan valideyn, uşaqla ünsiyyət vaxtının müəyyən edilməsi iddiası ilə eyni vaxtda mənəvi zərərin kompensasiyası tələbini də irəli sürə bilər.

            Boşanmış ailələrdə ən çox rast gəlinən problemlərdən biri uşağın xaricə (müalicə, təhsil və ya istirahət üçün) aparılmasına digər valideynin razılıq verməməsidir. Əgər valideyn heç bir ciddi əsas olmadan razılıq vermirsə, bu uşağın azadlıq, təhsil və sağlamlıq hüquqlarına müdaxilə hesab olunur. Zərəçəkmiş valideyn həm öz adından, həm də uşağın qanuni nümayəndəsi kimi uşağın adından mənəvi zərər tələbi qaldıra bilər.

           Qərarda göstərilir ki, məhkəmələr mübahisələrə baxan zaman uşaqlara vurulmuş zərəri qiymətləndirərkən onlara “xüsusi həssas qrup” kimi yanaşmalıdır. Bu, o deməkdir ki, uşaqların psixoloji zorakılığa və mənəvi sarsıntılara qarşı dözümlülük səviyyəsi böyüklərdən fərqli olduğu üçün, onlara vurulan mənəvi zərər daha ağır qiymətləndirilməlidir. Məsələn, valideyn ölərsə və ya xəsarət alarsa uşağın həmin valideynə möhtac olduğu yaşda olması (südəmər körpə və ya azyaşlı olması) təzminatın həcminin artırılması üçün əsasdır. Eyni zamanda, mənəvi zərərin həcmi müəyyən edilərkən nəzərə alınmalıdır ki, uşaqların psixoloji şiddət və zorakılığa qarşı həssaslığı daha yüksəkdir və bu səbəbdən onlar daha ağır mənəvi zərərə məruz qalırlar.

          Uşaqla valideyn arasındakı mübahisələrdə iddia müddəti (vaxtın ötürülməsi) uşaq 18 yaşına çatana qədər dayandırılır. Bu, o deməkdir ki, uşaq yetkinlik yaşına çatdıqdan sonra belə, uşaqlıq dövründə pozulmuş hüquqlarına görə valideyninə qarşı iddia qaldıra bilər.

             Əlavə olaraq bildiririk ki, Dövlət Komitəsi tərəfindən hazırlanmış “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının yeni Qanun layihəsində də uşaqların şəxsiyyət hüquqları ilə bağlı normalar öz əksini tapmışdır. Belə ki, uşağın həyatına, sağlamlığına, cinsi toxunulmazlığına, şərəfinə, ləyaqətinə və qanunla qorunan digər hüquq və azadlıqlarına təhlükə yaradan, ona fiziki və ya psixoloji əzab verən və ya verə biləcək, uşağın mənafeyinə zidd olan, müxtəlif üsullarla, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilən əməllər uşağa qarşı zorakılıq hesab edilir.

            “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24.12.2025-ci il tarixli 20 nömrəli Plenumunun Qərarı sözügedən qanun layihəsi qəbul edildiyi təqdirdə uşaq hüquqlarının müdafiəsinin daha da gücləndirilməsini təmin edəcəkdir.

Ətraflı: 

https://supremecourt.gov.az/storage/pages/2308/sexsiyyet-huquqlarinin-mudafiesine-dair-plenum-qerari.pdf