Azərbaycan və Serbiya arasında ailə və uşaq siyasəti sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

19 oktyabr 2026 11:13

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva Serbiyaya işgüzar səfəri çərçivəsində Serbiya Respublikasının Ailə Qayğısı və Demoqrafiya Nazirliyinin dövlət katibi Lazar Petroviçlə görüşüb.

Görüşdə Azərbaycan və Serbiya arasında dostluq və tərəfdaşlıq münasibətlərinin əhəmiyyəti vurğulanıb, ailə və uşaq siyasəti sahəsində ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Tərəflər ailə institutunun möhkəmləndirilməsi, uşaqların hüquq və mənafelərinin müdafiəsi, ailələrin rifahının yüksəldilməsi istiqamətində həyata keçirilən təşəbbüslər və tətbiq olunan dəstək mexanizmləri ətrafında fikir mübadiləsi aparıblar.

Eyni zamanda, hər iki ölkənin aidiyyəti qurumları və mütəxəssisləri arasında peşəkar təcrübə mübadiləsinin genişləndirilməsi, qabaqcıl yanaşmaların öyrənilməsi, birgə təşəbbüslərin təşviqi və institusional əməkdaşlığın gücləndirilməsi imkanları nəzərdən keçirilib.

Görüşdə, eyni zamanda Serbiya Respublikasının Ailə Qayğısı və Demoqrafiya Nazirliyinin nümayəndəsi Yasmina Yokiç Zoriç və Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin əməkdaşı Ləman Mahmudova iştirak ediblər.

Görüşün yekununda hər iki ölkənin aidiyyəti qurumlarının ailə məsələləri üzrə işçi qrupunun fəaliyyət planının ilkin layihəsi müzakirə olunub.