Azərbaycan və Türkiyənin müvafiq qurumlarının təşkilatçılığı ilə görüş keçirilib
Paylaş:
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 dekabr tarixli 1909 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında ailə, qadın və uşaq məsələləri üzrə siyasət sahəsində Əməkdaşlıq Protokolu ilə bağlı Fəaliyyət Planı”nın icrası istiqamətində aparılan işlərin davamı olaraq 24 iyun 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Türkiyə Respublikası Ailə və Sosial Xidmətlər Nazirliyinin birgə təşkilatçılığı ilə onlayn formatda görüş keçirilib.
Görüşün məqsədi ailə, qadın və uşaq sahəsində tədbirlərdə qarşılıqlı iştirakın təmin edilməsi, eləcə də ailəyönümlü xidmətlər, ailə məsləhət xidmətləri və psixososial dəstək sahəsində təcrübə mübadiləsinin aparılmasıdır.
Görüşdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Türkiyə Respublikasının ailə məsələləri sahəsinə məsul əməkdaşları, Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin əməkdaşları, yerli icra hakimiyyətlərinin Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalarının nümayəndələri, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Görüşdə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsi müdirinin müavini Kamila Əliyeva və Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyinin Uzmanı Kemal Tolga Ercan açılış nitqi ilə çıxış ediblər. Sonra Daxili İşlər Nazirliyinin Baş ictimai Təhlükəsizlik İdarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili şöbəsinin rəis müavini İmran Əliyev “Qadınlara qarşı törədilən zorakılıq hallarının, ailə-məişət zəminində törədilən cinayətlərin qarşısının alınması sahəsində daxili işlər orqanlarının fəaliyyəti”, Komitənin Mərkəzlərlə iş sektorunun müdiri Pərviz Əliyev “Azərbaycanda ailədaxili münasibətlərə təsir göstərən amillər”, Bakı şəhər Baş Polis İdarəsi İctimai Təhlükəsizlik İdarəsinin polis polkovnik-leytenantı Kəmalə Ələkbərova “Hüquq pozuntusu törədən və törətməyə meylli uşaqlarla aparılan fərdi profilaktik işlər”, “Təmiz Dunya” Qadınlara Yardım İctmai Birliyinin sədri Mehriban Zeynalova “Qadın və uşaqlar üçün sığınma evi”nin fəaliyyəti, “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin sədri Kəmalə Aşumova “Yuvenal Ədliyyə Mərkəzinin fəaliyyəti”, Türkiyə Respublikasından Ailə və İctimai Xidmətlər Ümumi Müdirliyinin şöbə müdiri Ömer Çokgören “Ailənin möhkəmləndirilməsi üçün ailəyə yönəlmiş təhsil və məsləhət xidmətləri”, Uşaq Xidmətləri Ümumi Müdirliyi, Anka Uşaq Dəstək Proqramının ümumi koordinatoru Hakan Keçe “Hüquq pozuntusu törədən və törətməyə meyilli olan uşaqlarla fərdi sosial pedaqoji və tərbiyəvi işlərin aparılması”, Uşaq Xidmətləri Ümumi Müdirliyinin ekspert köməkçisi Büşra Yalçın “Anka psixososial uşaq dəstək proqramı”, Uşaq Xidmətləri Baş İdarəsində Ailə və Sosial Xidmətlər mütəxəssisinin köməkçisi Yasin Alçep “Ailələrə Sosial xidmətlər” mövzuları ilə bağlı ətraflı məlumat veriblər.
Çıxışlardan sonra ekspertlər iştirakçıların suallarını cavablandırıblar.
Yekunda bu cür görüşlərin vacibliyi bir daha vurğulanıb, ölkələrimiz arasında təcrübə mübadiləsinin bundan sonra da davam etdiriləcəyi qeyd olunub.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi