“Azərbaycanda genderəsaslı cins seçimi (selektiv abort) və gender balansının pozulması: mövcud çətinliklər və çıxış yolları” mövzusunda ictimai müzakirə keçirildi
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) yanında İctimai şuranın təşkilatçılığı ilə 11 İyul – Ümumdünya Əhali Gününə həsr olunmuş “Azərbaycanda genderəsaslı cins seçimi (selektiv abort) və gender balansının pozulması: mövcud çətinliklər və çıxış yolları” mövzusunda ictimai müzakirə keçirilib.
Tədbirin əsas məqsədi dünyada cinsə görə edilən selektiv abortların sosial, hüquqi və texnoloji səbəblərini dəyərləndirmək və problemin aradan qaldırılması üçün real həll yolları irəli sürmək olub.
Tədbirdə çıxış edən Komitə yanında İctimai şuranın üzvü Məryəm Məcidova bildirib ki, selektiv abort hallarının əsas səbəblərindən biri ailələrdə hələ də mövcud olan sosial və mədəni stereotiplərdir. Bu kimi dərin köklü sosial stereotiplərlə mübarizə yalnız qanunvericiliklə deyil, eyni zamanda, təhsil və ictimai maarifləndirmə vasitəsilə aparılmalıdır. Gender bərabərliyinin təbliği bu istiqamətdə əsas strategiyalardan biri ola bilər.
Milli Məclis Aparatının Milli Məclisin, komitələrin və komissiyaların işinin təşkili şöbəsinin Komitə və komissiyalarla iş sektorunun məsləhətçisi Aynur Veysəlova isə bildirib ki, cinsiyyətəsaslı abortların yayılması, xüsusilə, texnologiyalardan, o cümlədən ultrasəs müayinələrindən sui-istifadə nəticəsində baş verir. Erkən mərhələlərdə cinsin müəyyənləşdirilməsi tibbi zərurətdən daha çox sosial üstünlüklərə əsaslanan seçim məqsədilə həyata keçirilir. Belə halların qarşısının alınması üçün hüquqi tənzimləmələrlə yanaşı, praktikada icra mexanizmlərinin də gücləndirilməsinə ehtiyac var.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Demoqrafik məsələlər sektorunun müdiri Nailə Verdiyeva və Dövlət Komitəsinin baş məsləhətçisi Rafiq Mahmudov problemin yalnız statistik və hüquqi deyil, həm də dərin mədəni və psixoloji köklərə sahib olduğunu vurğulayıblar. Onlar ailə institutu, təhsil sistemi və media vasitəsilə gender bərabərliyinin təşviq edilməsinin vacibliyini vurğulayıblar.
Tədbirdə Ombudsman Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun müdiri Nigar Ağayeva, Dövlət Komitəsinin İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Səfərova və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib.
Müzakirələrin yekununda İctimai şura üzvlərinin isə fəaliyyətlərində məsələ ilə bağlı verilən təklifləri və əldə olunan nəticələri nəzərə alacaqları diqqətə çatdırılıb.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi