Bahar Muradova BMT-də Serbiya naziri Tatyana Makura ilə görüşüb

24 sentyabr 2025 09:11

Paylaş:

Nyu-Yorkda səfərdə olan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Serbiyanın Gender Bərabərliyi, Qadınlara qarşı Zorakılığın Qarşısının Alınması və Qadınların Gücləndirilməsi naziri Tatyana Makura ilə görüşüb.

Bahar Muradova  BMT-də gedən müzakirələrə toxunaraq onların qadınların və qızların gücləndirilməsi istiqamətində müxtəlif mövqe və baxışların ortaya qoyulması baxımından olduqca vacib olduğunu deyib. O bütün ölkələri birləşdirən dəyərin insanların həyatının yaxşılaşdırılması və xüsusilə sosial ölçüdə siyasət və təcrübələrin bölüşülməsi baxımından əhəmiyyətli olduğunu  qeyd edib.Həmçinin Azərbaycanla Serbiya aradında bu sahədə əməkdaşlığın günün tələbləri səviyyəsinə qaldırılmasına ehtiyac olduğunu vurğulayıb.

Daha sonra çıxış edən serbiyalı nazir bu il paytaxt Belqradda qadınlar forumu keçirdiklərini deyərək gələn il tədbirin daha geniş miqyasda təşkil olunacağını vurğulayıb və Bahar Muradovanı tədbirə dəvət edib.

Tatyana Makura həmçinin qadınların iqtisadi gücləndirilməsinin  ölkəsinin prioritet istilamətlərindən olduğunu deyərək bu sahədə Azərbaycanın uğuru təcrübəsindən yararlanmaqda maraqlı olduqlarını dilə gətirib, bu baxımdan qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edib.

Bahar Muradova qadınların iqtisadi və siyasi cəhətdən gücləndirilməsi yolu ilə həyatlarının və rifahlarının yaxşılaşdırılması ilə bağılı Serbiya tərəfinin fikirlərini yüksək dəyərləndirib və bu istiqamətdə birgə fəaliyyətin məqsədlərinin üst-üstə düşdüyünü vurgulayıb.