Bahar Muradova “Danışır təcrübə” layihəsinin növbəti görüşünün qonağı olub

2 oktyabr 2026 15:01

Paylaş:

Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən “Danışır təcrübə” layihəsinin növbəti görüşü baş tutub. Görüşün qonağı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova olub.

Bakı Slavyan Universitetində keçirilən görüşdə Bahar Muradova “Dövlət idarəçiliyində və cəmiyyətdə insan kapitalı: qanunvericilik, siyasət və fərdi məsuliyyət” mövzusunda çıxış edib.

Görüş zamanı dövlət idarəçiliyində insan kapitalının rolu, təhsilin insanın şəxsi və peşəkar inkişafındakı əhəmiyyəti, ailə dəyərləri və müasir ailə modeli barədə fikirlər səsləndirilib. Bahar Muradova öz təhsil və karyera yolundan danışaraq qazandığı təcrübələri, peşəkar fəaliyyəti ilə bağlı bilik və bacarıqları iştirakçılarla bölüşüb.

Bahar Muradova qeyd edib ki, insan kapitalının inkişafı yalnız qanunvericilik və dövlət siyasəti ilə deyil, eyni zamanda hər bir fərdin öz məsuliyyətini dərk etməsi, bilik və bacarıqlarını cəmiyyətin inkişafına yönəltməsi ilə mümkündür.

Görüş zamanı qadınların və qızların təhsil almasının, onların ictimai həyatda və peşəkar fəaliyyətində fəal iştirakının əhəmiyyətinə də toxunulub.

Fikir mübadiləsi formatında keçirilən görüş çərçivəsində iştirakçıların çoxsaylı sualları cavablandırılıb.

Qeyd edək ki, “Danışır təcrübə” layihəsi çərçivəsində keçirilən görüşlər əməkdaşların davamlı inkişafına, liderlik və idarəetmə bacarıqlarının gücləndirilməsinə, eləcə də müasir çağırışlara cavab verən peşəkar kadr potensialının formalaşdırılmasına xidmət edir.