Bahar Muradova Mentorluq Proqramı çərçivəsində beşinci “Yüksəliş” müsabiqəsinin qalibi Fatimə Eyyubla görüşüb

14 sentyabr 2026 16:36

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Mentorluq Proqramı çərçivəsində beşinci “Yüksəliş” müsabiqəsinin qalibi Fatimə Eyyubla “Mentorla bir gün” formatında görüş keçirib.

Proqram çərçivəsində Fatimə Eyyub gün ərzində mentorun iş fəaliyyətini müşahidə edib, rəhbərlik və idarəetmə proseslərinin müxtəlif istiqamətləri ilə bağlı praktiki təcrübə əldə edib.

Proqramın ilk hissəsində mentor və menti Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinə səfər ediblər. Fatimə Eyyub Mərkəzin fəaliyyəti, uşaqların və ailələrin ehtiyaclarının müəyyənləşdirilməsi və onlara göstərilən dəstək xidmətləri ilə tanış olub. Menti, həmçinin Dövlət Komitəsinin sədrinin vətəndaş qəbulu prosesində iştirak edərək, müraciətlərin qəbulu, araşdırılması və həlli mexanizmlərini müşahidə edib.

Daha sonra menti Dövlət Komitəsinin rəqəmsallaşma üzrə yol xəritəsinin icrası ilə bağlı keçirilən iclasda iştirak edib. İclas zamanı rəqəmsal transformasiya istiqamətində görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub. Fatimə Eyyub müzakirələri yaxından izləməklə yanaşı, məsələlərin dəyərləndirilməsi və qərarların formalaşdırılması prosesində iştirak edib, fikir və yanaşmalarını bölüşüb.

“Mentorla bir gün” formatında baş tutan görüş çərçivəsində əldə olunan təcrübə mentiyə dövlət qurumlarının fəaliyyət prinsiplərini, idarəetmə mexanizmlərini və strateji qərarların formalaşdırılması prosesini daha yaxından öyrənmək imkanı yaradıb.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub.

Sayca altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 10 dekabr 2025-ci il tarixində müvafiq Sərəncam imzalanıb.