Bahar Muradova “Müxtəliflik içində olan bütün qadın və qızlar üçün adekvat mənzil təminatı” mövzusunda dəyirmi masada çıxış edib

22 may 2026 15:48

Paylaş:

22 may 2026-cı il tarixində Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası – WUF13 çərçivəsində “Müxtəliflik içində olan bütün qadın və qızlar üçün adekvat mənzil təminatı” mövzusunda dəyirmi masa təşkil olunub. 

Dəyirmi masada açılış nitqi ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, bugünkü sessiyanın əsas əhəmiyyəti mənzil məsələsinə yalnız urban inkişaf və sosial təminat prizmasından deyil, həm də gender bərabərliyi, insan hüquqları və inklüziv inkişafın strateji elementi kimi yanaşılmasını təşviq etməsindədir.

Komitə sədri qeyd edib ki, adekvat mənzil hüququ sağlamlığın, təhlükəsizliyin və sosial inklüzivliyin əsas sütunlarından biridir. Bununla belə, qlobal miqyasda sistemli çatışmazlıqlar milyonlarla insanı bu hüquqdan tam şəkildə yararlanmaq imkanından məhrum edir. Bu problem xüsusilə qlobal mənzil və iqlim böhranlarının dərinləşdiyi indiki mərhələdə daha qabarıq şəkildə özünü göstərir və qadınlar, qızlar adekvat mənzilə çıxış zamanı əlavə və çoxşaxəli maneələrlə üzləşirlər.

Onun sözlərinə görə, bu maneələr iqtisadi bərabərsizliklər, patriarxal stereotiplər, sosial müdafiə mexanizmlərinin qeyri-kafiliyi, torpaq və mülkiyyət hüquqlarına qeyri-bərabər çıxış, eləcə də gender həssas olmayan siyasət və institusional yanaşmalarla bağlıdır.

Komitə sədri vurğulayıb ki, gender əsaslı zorakılıq hallarında adekvat və təhlükəsiz mənzilin olmaması qadınları son dərəcə ağır seçim qarşısında qoyur — ya zorakılıq mühitində qalmaq, ya da yoxsulluq və evsizlik riski ilə üzləşmək.

Gender-transformativ mənzil siyasətlərinin urban inkişaf strategiyalarının ayrılmaz hissəsinə çevrilməsinin xüsusi aktuallıq kəsb etdiyini vurğulayan B. Muradova diqqətə çatdırıb ki, formal olaraq gender neytral görünən siyasətlər praktikada hər zaman bərabər nəticələr yaratmır və bu baxımdan qadınların müxtəlif ehtiyac və təcrübələrinin nəzərə alınması vacibdir.

Bahar Muradova qeyd edib ki, milli, regional və yerli səviyyədə hüquqi və institusional mexanizmlər qadınların torpaq və mənzil hüquqlarına təhlükəsiz və bərabər çıxışını daha effektiv təmin etməlidir. Bu yanaşma yalnız qanunvericilik səviyyəsində deyil, həmçinin kredit resurslarına çıxış, sosial mənzil proqramları, maliyyə inklüzivliyi və sosial müdafiə mexanizmlərində də öz əksini tapmalıdır.

Komitə sədri əlavə edib ki, Dövlət Komitəsi son 6 ildə bu sahədə siyasət və fəaliyyətləri əlaqələndirən mərkəzi icra hakimiyyəti orqanı kimi Parlament qarşısında gender bərabərliyinin vəziyyətinə dair illik məlumatla çıxış edir. Eyni zamanda, gender bərabərliyi üzrə yeni Milli Fəaliyyət Planının qəbul edilməsi siyasətin daha sistemli və nəticəyönümlü şəkildə həyata keçirilməsinə xidmət edir.

O, Azərbaycanın post-münaqişə dövründə həyata keçirdiyi yenidənqurma və məskunlaşma siyasətində məhz bu prinsiplərə xüsusi diqqət yetirildiyini vurğulayaraq, qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma prosesində hər kəs üçün  təhlükəsizlik prinsipləri ilə yanaşı, inklüziv yaşayış mühitinin formalaşdırılması prioritet istiqamətlərdən biri kimi müəyyən olunmuşdur.

B. Muradova dövlət institutları, beynəlxalq təşkilatlar, yerli hakimiyyət orqanları, özəl sektor və vətəndaş cəmiyyəti arasında əməkdaşlığın  gender həssas və dayanıqlı mənzil sistemlərinin formalaşdırılması üçün mühüm platforma yaratdığını qeyd edib.

 “Mənzil sistemlərinin effektivliyi insanların müxtəlif ehtiyaclarına cavab verməsi, xüsusilə qadınların təhlükəsizliyi, iqtisadi iştirakı və sosial dayanıqlılığı üçün nə dərəcədə əlverişli olması ilə ölçülür. Qadınların ehtiyac və təcrübələrini nəzərə alan mənzil sistemləri daha dayanıqlı şəhərlərin, daha güclü icmaların və daha inklüziv cəmiyyətlərin formalaşmasına mühüm töhfə verə bilər” - deyə o bildirib. 

Komitə sədri çıxışının yekununda qeyd edib ki, Azərbaycan bu istiqamətdə beynəlxalq əməkdaşlığın, təcrübə mübadiləsinin və çoxtərəfli siyasət dialoqunun gücləndirilməsinə bundan sonra da dəstək verməyə hazırdır.

BMT-nin Meksikadakı Rezident Koordinatoru Allegra Maria del Pilar Baiocchinin moderatorluğu ilə keçirilən tədbirdə BMT Baş katibinin müavini və BMT Dayanıqlı İnkişaf Qrupunun sədri Amina J. Mohammed və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbaxın açılış nitqləri də dinlənilib. Mənzil məsələlərinin dayanıqlı inkişaf, inklüziv şəhərsalma və beynəlxalq əməkdaşlıq kontekstində əhəmiyyəti vurğulanıb.

Qeyd edilib ki, WUF13 çərçivəsində qadınların təhlükəsiz mənzillərlə təmin olunması, gender bərabərliyinin nəzərə alınması barədə sənədlərin qəbul olunması planlaşdırılır. 

Açılış mərhələsinin ardından təşkil olunan panel sessiyada qadın və qızlar üçün adekvat mənzil hüququnun təmin edilməsi istiqamətində hüquqi və institusional mexanizmlər, bu sahədə innovativ yanaşmalar və beynəlxalq təcrübələr ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra UN-Habitat Juma Assiago tərəfindən hamı üçün Adekvat Mənzil üzrə Açıq Hökumətlərarası Ekspert İşçi Qrupu haqqında məlumat təqdim edilib.

Tədbir müzakirələrlə davam edib.