Bahar Muradova Uşaq Səfirlər Məclisinin Neftçala rayonu üzrə nümayəndə və fəalları ilə görüşüb
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Uşaq Səfirlər Məclisinin Neftçala rayonu üzrə nümayəndə və fəalları ilə görüşüb.
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov iştirakçıları salamlayaraq, uşaqların ictimai proseslərdə fəal iştirakının və onların təşəbbüslərinin dəstəklənməsinin cəmiyyətin inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
M. Seyidov qeyd edib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilən Uşaq Səfirlər Məclisi layihəsi regionlarda liderlik keyfiyyətlərinə malik, təşəbbüskar və məsuliyyətli gənclərin formalaşmasına mühüm töhfə verir.
Neftçala rayonunun gənclərinin uğurlarından bəhs edən RİH-in başçısı bildirilib ki, rayonun şagirdləri hər il qəbul imtahanlarında yüksək nəticələr göstərir və bu uğurlar müəllimlərin zəhmətinin, valideyn qayğısının və şagirdlərin əzmkarlığının nəticəsidir.
M. Seyidov gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb və onların ideya və təşəbbüslərinin dəstəklənməsi istiqamətində rayon icra hakimiyyətinin hər zaman əməkdaşlığa hazır olduğunu bildirib.
Dövlət Komitəsinin sədri Bahar Muradova Uşaq Səfirlər Məclisini uşaq iştirakçılığının təşviqi və hüquqlarının qorunması baxımından Komitənin uğurlu layihələrindən biri olduğunu diqqətə çatdırıb. Sədr qeyd edib ki, layihə uşaq iştirakçılığını, onların ölkə üzrə şəbəkələşməsini, həm yaşadıqları regionda həm də ölkə miqyasında gedən ictimai proseslərə qoşulmasını şərtləndirən və ona şərait yaradan mühüm platformadır.
Komitə sədri uşaqların qərarqəbuletmə prosesində fəal iştirakının digər uşaqların da hüquqlarının müdafiəsinə, onların liderlik bacarıqlarının formalaşmasına, sosial məsuliyyət hissinin güclənməsinə töhfə verdiyini bildirib.
B.Muradova uşaqlara fəaliyyətlərində uğurlar arzulayıb və onların cəmiyyətin inkişafına töhfə verən layihələrdə iştirakının vacibliyini diqqətə çatdırıb.
Tədbirdə Neftçala rayonu üzrə nümayəndə və fəallar həyata keçirdikləri fəaliyyətlər, sosial layihələr və gələcək təşəbbüsləri barədə məlumat veriblər.
Görüş zamanı qarşılıqlı fikir mübadiləsi aparılıb, uşaqların təklif və fikirləri dinlənilib, onların təşəbbüslərinin dəstəklənməsi istiqamətində müzakirələr aparılıb.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi