Bahar Muradova Uşaq Səfirlər Məclisinin yeni seçilmiş üzvləri ilə görüşüb
Paylaş:
Çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, layihəni uşaq iştirakçılığının və uşaq hüquqlarının qorunmasının ən yaxşı nümunələrindən biri adlandırıb və layihə iştirakçıları üçün təkcə hüquqlarını ifadə etmək imkanı deyil, eyni zamanda şəxsi inkişaf və özünü kəşf etmə baxımından da mühüm platforma olduğunu bildirib.
B.Muradova vurğulayıb ki, minlərlə uşaq arasından seçilərək belə layihələrə cəlb olunmaq, müxtəlif fəaliyyətlərdə iştirak etmək və səriştə qazanmaq uşaqlarda gələcəyə inamı artırır və uzun illər yadda qalan xatirələr yaradır.
Komitə sədri, uşaqların bu prosesdə fəal iştirakının digər uşaqların da hüquqlarının müdafiəsinə töhfə verdiyini, onların səsləndirdiyi fikirlərin qanunvericilikdə, təhsil prosesində və dövlətin fəaliyyət istiqamətlərini müəyyən edən sənədlərdə nəzərə alındığını qeyd edib. Əlavə edib ki, bu yolla Azərbaycan uşaqlarının mövqeyi ifadə edilir. B. Muradova, insan kapitalının formalaşdırılmasının dövlət siyasətinin əsas prioritetlərindən biri olduğuna diqqət çəkərək, bu prosesə erkən yaşlardan başlanılmasının cəmiyyətin davamlı inkişafına xidmət etdiyini deyib.
Sədr, Məclisə seçilən uşaqları təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.
Görüşdə çıxış edən Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva uşaqların Səfirlər Məclisinə seçim turu haqqında məlumat verib. Qeyd edib ki, Məclisin vakant yerlərinə qəbul üçün 8 avqust tarixində elan verilmiş, nəticədə müstəqil özünü ifadə etmə bacarığına, ictimai fəallığa, liderlik keyfiyyətinə malik 130 nəfər qeydiyyatdan keçmiş, onlardan 50 nəfəri ikinci mərhələdə (müsahibədə) iştirak etmək hüququ qazanmışdır. 29 sentyabr, 1-6 oktyabr tarixlərini əhatə edən seçim prosesinə dəvət olunmuş 50 nəfərdən 8 nəfəri müsahibədən uğurla keçmişdir.
Məclisin sıralarına yeni qatılan uşaq səfirlər bu missiyanın şərəfli və böyük məsuliyyət olduğunu bildirib, özləri haqqında məlumat veriblər. Uşaq Səfirlər Məclisinin üzvü seçilmələri ilə bağlı qürur hissi keçirdiklərini ifadə edən uşaqlar, Məclisdə uşaqların səsi olaraq onları layiqincə təmsil edəcəklərini bildiriblər.
Yekunda Komitə sədri üzvlərin hər birini bir daha ürəkdən təbrik edib, onların qarşısında önəmli vəzifələrin qoyulduğunu və bu istiqamətdə daha məsuliyyətli olmağı, öz potensiallarını daim artırmağı tövsiyə edib.
Sonda yeni seçilən səfirlərə üzvlük vəsiqələri təqdim olunub.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi