Bahar Muradova “Yüksəliş” müsabiqəsinin qalibi Fatimə Eyyub ilə görüşüb
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Mentorluq Proqramı çərçivəsində beşinci “Yüksəliş” müsabiqəsinin qalibi Fatimə Eyyub ilə növbəti görüş keçirib.
Proqram çərçivəsində Fatimə Eyyub mentorunu müşayiət edərək idarəçiliyin müxtəlif istiqamətləri ilə yaxından tanış olub. O, rəhbərliyin gündəlik fəaliyyətini müşahidə edib, qərarların qəbul olunması prosesini izləyib və idarəetmə təcrübəsi barədə ətraflı məlumat əldə edib.
Proqramın bir hissəsi olaraq menti Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrinin vətəndaş qəbulu prosesində iştirak edib. Burada vətəndaş müraciətlərinin qəbulu, araşdırılması və həlli mexanizmləri ilə tanış olaraq dövlət-vətəndaş münasibətlərinin praktik aspektlərini müşahidə etmək imkanı qazanıb.
Daha sonra Fatimə Eyyub Dövlət Komitəsinin struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilən işçi müşavirəyə qatılıb. Müşavirədə 2026-cı ilin ilk yarımilində görülmüş işlərə dair hesabatlar dinlənilib, əldə olunan nəticələr təhlil olunub və ilin ikinci yarısı üçün prioritet fəaliyyət istiqamətləri müzakirə edilib.
Görüş çərçivəsində əldə olunan təcrübə mentiyə dövlət qurumlarının fəaliyyət prinsiplərini, idarəetmə mexanizmlərini və strateji qərarların formalaşdırılması prosesini daha yaxından öyrənmək imkanı yaradıb.
“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.
Sayca altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 10 dekabr 2025-ci il tarixində müvafiq Sərəncam imzalanıb.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi