Bakı şəhəri və regionlarda növbəti “Açıq qapı” günü keçirilib

30 oktyabr 2026 16:52

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Goranboy, Göygöl, Zaqatala və Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən 28 oktyabr 2026-cı il tarixində Mərkəzlərin psixoloq, sosial işçiləri və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının vəkillərinin birgə iştirakı ilə növbəti səyyar “Açıq qapı” günü keçirilib.

“Açıq qapı” günü Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi, İsmayıllı rayonunun Qalacıq, Goranboy rayonunun Azad, Göygöl rayonunun Şəhriyar, Qəbələ rayonunun Kötüklü, Ağdam rayonunun Mahrızlı, Saatlı rayonunun Soltanabad, Sabirabad rayonunun Qaratəpə, Hacıqabul rayonunun Meyniman, Zaqatala rayonunun Üçüncü Tala, Zərdab rayonunun Bıçaqçı kənd və qəsəbələrini əhatə edib.

“Açıq qapı” günündə UADM-lərin xidmətləri (psixoloji konsultasiya, Denver II qiymətləndirmə testi), Mərkəzlərlə əməkdaşlıq, maarifləndirmə tədbirlərinin təşkili, uşaqlarda davranış problemləri, boşanma, müalicə və sosial müavinətlər, işlə təminat, özünüməşğulluq proqramı, hüquqi məsələlər üzrə 66 nəfər vətəndaşın müraciəti dinlənilib, müraciətlərin bir qismi təmin edilib, bəzi müraciətlərlə bağlı müvafiq izahat verilib, həlli araşdırma tələb edən müraciətlər isə qeydiyyata alınaraq nəzarətə götürülüb, eyni zamanda vəkillər tərəfindən sosial cəhətdən həssas qruplardan olan qadınlara hüquqi yardım göstərilib.