Bakı şəhəri və regionlarda səyyar icma görüşləri davam etdirilir

3 may 2026 16:24

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Zərdab, Zaqatala, Göygöl, Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən icma ilə əlaqələrin gücləndirilməsi məqsədilə 2026-cı ilin aprel ayında kənd və qəsəbələrdə icma görüşləri təşkil edilib. 

Səyyar şəkildə keçirilən icma görüşləri məişət zorakılığı hallarının aşkar edilməsi, zorakılığa məruz qalan qadınların və qızların psixoloji dəstəyə yönləndirilməsi, erkən evlilik və qohum nikahları ilə bağlı qanunvericilikdə edilmiş dəyişikliklər, təhsildən yayınma hallarının qarşısının alınması, ailə həyatına psixoloji hazırlıq, tənha ahıllar, valideyn himayəsindən məhrum olmuş uşaqların hüquqları və onların problemləri, himayədar ailə kimi aktual mövzuları əhatə edib. Kənd və qəsəbələrdə keçirilən 38 icma görüşlərində 359 nəfər iştirak edib.

Qeyd edək ki, icma görüşlərinin keçirilməsi həssas kateqoriyadan olan ailələrin, qadın və uşaqların aşkar edilməsi, onların hüquqlarının müdafiəsi və profilaktik tədbirlərin görülməsində, icmanın imkanlarının səfərbər edilməsində mühüm rol oynayır. İcma sakinləri, kəndlərin icra, bələdiyyə və dini icmasının nümayəndələri, tibb məntəqlərinin işçiləri, təhsil müəssisələrinin tərbiyəçiləri, psixoloq və pedaqoqlarının iştirakı ilə keçirilən görüşlərdə ailə, qadın və uşaq hüquqları ilə bağlı qanunvericilikdən irəli gələn məsələlər diqqətə çatdırılır, icmanın ehtiyaclarına uyğun mövzular üzrə müzakirələr aparılır, həmçinin vətəndaşların müraciətləri qeydə alınaraq həlli istiqamətində tədbirlər görülür.