Bakı şəhəri və regionlarda səyyar icma görüşləri davam etdirilir
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Zərdab, Göygöl, Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən icma ilə əlaqələrin gücləndirilməsi məqsədilə 2026-cı ilin iyun ayında kənd və qəsəbələrdə 190 nəfərin iştirakı ilə 23 icma görüşü təşkil edilib.
Səyyar şəkildə keçirilən icma görüşləri “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının yeni Qanunu, məişət zorakılığı, erkən və qohum evliliklərin qarşısının alınması və bu istiqamətdə mövcud qanunvericilik, valideyn himayəsindən məhrum olmuş uşaqların hüquqları, əlilliyi olan uşaqların sosial müdafiəsi, təhsildən yayınma hallarının qarşısının alınması kimi aktual mövzuları əhatə edib.
Qeyd edək ki, icma görüşlərinin keçirilməsi həssas kateqoriyadan olan ailələrin, qadın və uşaqların aşkar edilməsi, onların hüquqlarının müdafiəsi və profilaktik tədbirlərin görülməsində, icmanın imkanlarının səfərbər edilməsində mühüm rol oynayır. İcma sakinləri, kəndlərin icra, bələdiyyə və dini icmasının nümayəndələri, tibb məntəqlərinin işçiləri, təhsil müəssisələrinin tərbiyəçiləri, psixoloq və pedaqoqlarının iştirakı ilə keçirilən görüşlərdə ailə, qadın və uşaq hüquqları ilə bağlı qanunvericilikdən irəli gələn məsələlər diqqətə çatdırılır, icmanın ehtiyaclarına uyğun mövzular üzrə müzakirələr aparılır, həmçinin vətəndaşların müraciətləri qeydə alınaraq həlli istiqamətində tədbirlər görülür.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi