BMT-də “Qadınlara və qızlara qarşı zorakılıqla mübarizə” mövzusu müzakirə edilib

13 mart 2026 16:28

Paylaş:

BMT-nin Qadınların Statusu üzrə Komissiyasının sessiyası çərçivəsində keçirilən tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva qadınlara və qızlara qarşı zorakılığın qarşısının alınmasının insan hüquqlarının, ədalətin və bərabərliyin təmin olunması baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.

Çıxışda qeyd olunub ki, Azərbaycanda məişət zorakılığı ilə mübarizə sahəsində qanunvericilik və institusional mexanizmlər ardıcıl şəkildə gücləndirilir. 2024-cü ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” qanuna edilən dəyişikliklər nəticəsində qanunun əhatə dairəsi genişləndirilib, mühafizə orderlərinin verilməsi prosedurları təkmilləşdirilib və qanunun təkrar pozulması inzibati xəta kimi müəyyən edilib.

Eyni zamanda zərərçəkmiş şəxslərə dəstəyin gücləndirilməsi məqsədilə yeni idarələrarası koordinasiya mexanizminin yaradıldığı, müdafiə və dəstək xidmətlərinin genişləndirildiyi bildirilib.

Ceyran Rəhmətullayeva vurğulayıb ki, zorakılığın qarşısının alınmasında gender bərabərliyi dəyərlərinin təşviqi, qadınların iqtisadi müstəqilliyinin gücləndirilməsi və cəmiyyətdə zorakılığa qarşı sıfır tolerantlıq prinsipinin formalaşdırılması mühüm əhəmiyyət kəsb edir.