BMT-nin Uşaq Hüquqları Komitəsinə ilk dəfə Azərbaycan nümayəndəsi üzv seçilib
Paylaş:
3 iyun 2026-cı il tarixində Nyu-York şəhərində BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasına tərəf dövlətlərin 21-ci iclası çərçivəsində BMT-nin Uşaq Hüquqları Komitəsinin 2027–2031-ci illər üzrə üzvlüyünə seçkilər keçirilib.
16 ölkənin iştirak etdiyi səsvermədə Azərbaycan namizədi Fərid Ədilov 130 səs toplayaraq Komitənin üzvü seçilib.
BMT-nin Uşaq Hüquqları Komitəsi “Uşaq hüquqları haqqında” Konvensiyanın müddəalarının tərəf dövlətlər tərəfindən icrasına nəzarət edir və qlobal səviyyədə insan hüquqlarının müdafiəsi sahəsində başlıca mexanizmlərdən biri hesab edilir. Eyni zamanda uşaqların silahlı münaqişələrə cəlb edilməsi və uşaq alverinə dair əlavə protokolların yerinə yetirilməsinin monitorinqini də aparır. Komitə 18 müstəqil ekspertdən ibarətdir və ilk dəfədir ki, Komitəyə Azərbaycan nümayəndəsi üzv seçilir.
Fərid Ədilov “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nın iştirakçısıdır, Böyük Britaniyanın Esseks Universitetində sosiologiya və kriminologiya üzrə doktorant və assistent müəllim kimi fəaliyyət göstərir. Hazırda Esseks Universitetində tədqiqat aparan Fərid Ədilovun elmi işi qadın parlamentarilərin qadınların hüquq və rifahına yönəlik siyasətlərin formalaşdırılmasına təsirini əhatə edir.
2006-2010-cu illərdə BDU-nun beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr və 2011-2013-cü illərdə isə həmin ixtisas üzrə magistr təhsilini fərqlənmə ilə bitirib.
2017-2018-ci illərdə “Chevening” təqaüd proqramını qazanaraq Böyük Britaniyanın Newcastle Universitetində Beynəlxalq siyasət (Qloballaşma, Yoxsulluq və İnkişaf) sahəsi üzrə xüsusi fərqlənmə ilə magistr təhsili alıb. O, həmçinin bir müddət Böyük Britaniyada uşaq və gənclərlə işləyən Milli Vətəndaş Xidməti proqramında qrup rəhbəri olaraq çalışıb.
2019-cu ildə ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət Məsələləri üzrə Bürosu tərəfindən həyata keçirilən “Peşəkar İxtisasartırma Proqramı”nın qalibi olub və proqram çərçivəsində o, ABŞ-ın Boston Şəhər İdarəsinin Səhiyyə və İnsan Xidmətləri Departamentində təcrübə keçib.
Qeyd edək ki, F.Ədilov doktorantura təhsilinə başlamazdan əvvəl Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində 10 ilə yaxın fəaliyyət göstərib. O, müxtəlif dövrlərdə məsləhətçi, aparıcı məsləhətçi, sədrin köməkçisi və Xarici əlaqələr və protokol xidməti şöbəsinin müdiri vəzifələrində çalışıb.
Fərid Ədilovu BMT-nin Uşaq Hüquqları Komitəsinin üzvü seçilməyi münasibətilə təbrik edir, vacib fəaliyyətində uğurlar arzu edirik.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi