“Çəhrayı oktyabr” kampaniyasının yekun tədbiri keçirilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva “Gender Hub” İctimai Birliyinin təşkilatçılığı ilə təşkil edilən “Çəhrayı oktyabr” - süd vəzi xərçəngi ilə mübarizə və qadın sağlamlığına dəstək kampaniyasının yekun tədbirində iştirak edib.
Tədbirdə çıxış edən C. Rəhmətullayeva süd vəzi xərçəngi zamanı psixososial dəstəyin vacibliyindən danışıb. Qadın sağlamlığının ailə rifahı və cəmiyyətin dayanıqlı inkişafı baxımından əhəmiyyətini vurğulayaraq, süd vəzi xərçənginin erkən aşkarlanmasının vacibliyini qeyd edib. Bildirib ki, maarifləndirmənin artırılması, tibbi xidmətlərə bərabər çıxışın təmin olunması və qadınların vaxtında müayinələrə təşviqi bu sahədə əsas istiqamətlərdəndir.
O, Dövlət Komitəsinin qadınların sağlamlığının qorunması, sağlam həyat tərzinin təşviqi və reproduktiv sağlamlıq üzrə maarifləndirmə tədbirləri həyata keçirdiyini diqqətə çatdırıb. Xüsusilə regionlarda yaşayan və sosial baxımdan həssas vəziyyətdə olan qadınların dəstəklənməsinin əhəmiyyətini vurğulayıb.
Çıxışda, həmçinin Pekin Fəaliyyət Platformasının və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin qadınların sağlamlığının qorunması, səhiyyə xidmətlərinə bərabər çıxışının təmin edilməsi baxımından müəyyən etdiyi hədəflərin əhəmiyyəti vurğulanıb.
Daha sonra “Süd vəzi xərçəngi ilə mübarizədə erkən aşkarlama, psixoloji dəstək və cəmiyyətin rolu” mövzusunda panel müzakirə keçirilib. Paneldə ÜST-nin Azərbaycan nümayəndəsi Dr. Hande Harmancı və onkoloq mütəxəssislər çıxış edərək erkən diaqnostikanın, psixoloji dəstəyin və ictimai maarifləndirmənin əhəmiyyətini vurğulayıblar.
Qeyd edək ki, kampaniyanın əsas məqsədi süd vəzi xərçəngi barədə məlumatlılığı artırmaq, erkən diaqnostikanı təşviq etmək və həssas sosial qruplardan olan qadınların tibbi xidmətlərə çıxışını dəstəkləməkdir.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi