Çətin həyat şəraitində olan ailələr və uşaqlarla çalışan mütəxəssislərin peşəkarlığının artırılması məqsədilə təlimə start verilib

24 sentyabr 2025 17:49

Paylaş:

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyi ilə əməkdaşlığı çərçivəsində təşkil olunan üçgünlük təlimin ilk günü başa çatıb.

Təlimin əsas məqsədi çətin həyat şəraitində yaşayan uşaqlar və onların ailələri ilə işləyən mütəxəssislərin bilik və bacarıqlarının artırılmasıdır. Eyni zamanda tədbir dövlət qurumları arasında əməkdaşlığın gücləndirilməsinə, sahə üzrə təcrübə mübadiləsinə və yeni təşəbbüslərin formalaşdırılmasına şərait yaradır.

Proqram çərçivəsində iştirakçılar sosial xidmətlərin göstərilməsində müasir yanaşmalar, ailələrin müdafiəsi və uşaqların rifahının təmin olunması sahəsində qabaqcıl beynəlxalq təcrübələrlə tanış olacaqlar. Onlar sosial dəstək mexanizmlərinin təkmilləşdirilməsi, risk qrupları ilə işdə yeni metodların tətbiqi, erkən müdaxilə və preventiv tədbirlərin əhəmiyyəti kimi mövzuları da müzakirə edəcəklər.

Təlim Türkiyədən dəvət olunmuş üç ekspert tərəfindən aparılır. Ümumilikdə müxtəlif peşə sahələrini təmsil edən 105 nəfər iştirakçı 3 qrup üzrə prosesə cəlb olunub. Onların sırasında pedaqoq-psixoloqlar, sosial işçilər, uşaq hüquqları üzrə komissiyaların üzvləri, icra strukturlarının nümayəndələri, aidiyyəti dövlət qurumlarının məsul şəxsləri və sosial xidmət sahəsində birbaşa çalışan mütəxəssislər yer alır.

Təlim “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası Hökuməti arasında ailə, qadın və uşaq məsələləri üzrə siyasət sahəsində Əməkdaşlıq Protokolu ilə bağlı Fəaliyyət Planı”na, həmçinin “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı”nın 8.4.1-ci bəndinə uyğun olaraq keçirilir və 25–26 sentyabr tarixlərində davam etdiriləcək.