Cəzaçəkmə müəssisəsində cəza çəkən məhkumlarla görüş keçirilib

6 mart 2026 09:46

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin  Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə əməkdaşlığı çərçivəsində azadlıqdan məhrum edilmiş qadınların hüquqlarının müdafiəsi, sosial problemlərinin öyrənilməsi və həlli istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi, o cümlədən sosial adaptasiyası və reinteqrasiyası məqsədilə mütəmadi olaraq maarifləndirici görüşlər təşkil edilir.

Bu məqsədlə, 5 mart 2026-cı il tarixində Dövlət Komitəsinin əməkdaşları və Vəkillər Kollegiyasının üzvü 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkumlarla görüş keçirib.

Görüş zamanı 25 məhkum qadının fərdi qaydada müraciətləri dinlənilib, onlara müxtəlif hüquqi və sosial məsələlər ətrafında geniş izahat verilib, məhkumların sualları cavablandırılıb.

Müraciətlər arasında məhkumların internat və uşaq evlərində təhsil alan uşaqlarının problemləri, özlərinin və ailələrinin sosial vəziyyəti, qadınların doğmaları ilə ünsiyyət saxlamaları və digər məsələlər yer alıb.

Müraciət edən məhkum qadınların problemləri araşdırılaraq Dövlət Komitəsinin səlahiyyətləri çərçivəsində zəruri tədbirlər görüləcəkdir.