Cinayət prosesində uşaq hüquqlarının müdafiəsi məqsədilə təlim təşkil edilib

28 aprel 2025 15:13

Paylaş:

28 aprel 2025-ci il tarixində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təhqiqatçı və müstəntiqləri üçün “Cinayət prosesində uşaq hüquqlarının müdafiəsi” mövzusunda təşkil edilən üçgünlük təlimin açılış mərasimi keçirilib.

Təlim “Azərbaycan və Türkiyə Hökumətləri arasında imzalanmış ailə, qadın və uşaq məsələləri üzrə siyasət sahəsində Əməkdaşlıq Protokolu ilə bağlı Fəaliyyət Planı”na əsasən Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyi ilə əməkdaşlığı çərçivəsində təşkil olunub.

Açılış nitqi ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, qanunvericilikdə cinayətdən zərərçəkmiş, cinayətin şahidi olan və cinayət törədən uşaqlarla bağlı xüsusi yanaşmanın nəzərdə tutulduğunu vurğulayıb. Eləcə də bu kateqoriyadan olan uşaqların dindirilməsi zamanı xüsusi yanaşmanın tətbiq olunmasının və zorakılıq mühitində olan uşaqların hüquqlarının qorunmasının əhəmiyyətindən danışıb. S.Qəhrəmanova: “Dövlət Komitəsinin təcrübəsində zorakılıqdan zərərçəkən uşaqlarla tez-tez rastlaşırıq. Zorakılıq mühitində olan uşaqlar bu mənada çox əziyyət çəkir. Onlar belə mühitdə birbaşa psixoloji zorakılığa məruz qalırlar və uşağın özünün cinayət törətməsi, cinayətə meyilli olması hallarına rast gəlinir"- deyə əlavə edib. O, yetkinlik yaşına çatmayanların dindirilməsi proseslərinə  qadın mütəxəssislərin cəlbolunmasının daha məqsədəuyğun olduğunu bildirib.

Açılışdan sonra təlim başlayıb.

Təlimçi Ailə və sosial Xidmətlər Nazirliyinin Hüquqşunası Yasemin Kırmızı dəvətə görə təşəkkürünü bildirib və uşaqların cinayət hallarında müdafiəsi ilə bağlı mühazirəsinə başlayıb. Mühazirə zamanı məişət zorakılığı hallarında uşaqların müdafiəsi prosedurları, onların cinayətə təhrik edilməsi zamanı həyata keçirilən ədliyyə nəzarətindən, eləcə də uşaq bölmələrinin fəaliyyətindən və bu sahədə qurumlararası koordinasiyanın əhəmiyyətindən danışılıb. Cinayət istintaqı zamanı zərərçəkmiş və ya şahid olan uşaqların hüquqlarının müdafiəsi haqqında məlumat verilib, Türkiyə Respublikasında cinayət təqibi üzrə yetkinlik yaşına çatmayanlar barəsində məhkəməyədək icraatın xüsusiyyətləri Azərbaycan təcrübəsi ilə müqayisəli təhlil edilib.

Təlimin ikinci hissəsində ekspert Ailə və Sosial Xidmətlər Nazirliyinin hüquqşünası Melek Konuk cinayət təqibi orqanlarının uşaq hüquqlarının müdafiəsi üzrə qurumlarla əməkdaşlıq üsulları və təcrübəsindən danışıb, uşaqların düzgün dindirilməsi qaydalarını diqqətə çatdırıb.

Təlim çərçivəsində Dövlət Komitəsi tərəfindən “Prokurorluq, polis və digər hüquq-mühafizə orqanlarının əməkdaşları üçün yetkinlik yaşına çatmayanlarla davranışa dair” metodik vəsait hazırlanaraq, təqdim edilib. Qeyd edək ki, təlimin 3-cü günündə DİN-in Yetkinlik yaşına çatmayanların işləri üzrə inspektorları iştirak edəcək.