Dövlət Komitəsində ABŞ-ın Ticarət Nazirliyinin Ticarət Hüququnun İnkişaf Proqramının nümayəndələri ilə görüş keçirilib
Paylaş:
28 avqust 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova ABŞ-ın Ticarət Nazirliyinin Ticarət Hüququnun İnkişaf Proqramının (CLDP) hüquq müşaviri Jokelin A.Steiner, beynəlxalq proqram üzrə mütəxəssis Anastasiya Futrell və Aleksa Blak ilə görüşüb.
Görüşdə qadın sahibkarlığının inkişafı, qadınların iqtisadi bacarıqlarının artırılması və onların biznes mühitində daha geniş iştirakının təmin olunması istiqamətində ikitərəfli müzakirələr aparılıb.
Qonaqları salamlayan S. Qəhrəmanova Azərbaycanda gender bərabərliyinin təmin edilməsi, qadınların hüquqlarının qorunması, onların iqtisadi müstəqilliyinin gücləndirilməsi istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlər və əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verib.
Bildirilib ki, Milli Məclisdə hər il gender bərabərliyi ilə bağlı qanunvericiliyin icrasına dair hesabat təqdim olunur, geniş müzakirələr keçirilir və aidiyyəti qurumlara tövsiyələr verilir. Bu tövsiyələr növbəti illərdə mövcud boşluqların aradan qaldırılmasına və daha səmərəli nəticələrin əldə edilməsinə xidmət edir.
O, həmçinin qeyd edib ki, mövcud qanunvericilik qadınların əmək bazarında və sahibkarlıq fəaliyyətində iştirakına əlverişli imkanlar yaradır, bu istiqamətdə müxtəlif dövlət proqramları və layihələr həyata keçirilir. Layihələrin əsas məqsədi qadınların biznes bacarıqlarının inkişafı, sahibkarlığa fəal şəkildə cəlb edilməsi, startap təşəbbüslərinin dəstəklənməsi və regionlarda qadınların iqtisadi fəallığının artırılmasıdır.
CLDP-nin nümayəndəsi Jokelin A. Steiner isə ABŞ və Azərbaycan arasında iqtisadi əməkdaşlığın gücləndirilməsinin qadın sahibkarlığı üçün yeni imkanlar yaradacağını qeyd edib. O, sərmayə və əməkdaşlıq proqramlarının artırılması, uyğun biznes sahələrinə investisiyaların yönəldilməsi, təchizat zənciri və logistika kimi korporativ biznes sahələrində qadınların təmsilçiliyinin gücləndirilməsi məsələlərinə xüsusi diqqət çəkib.
Jokelin A. Steiner gələcək layihələrdə qadın sahibkarların potensialının daha geniş qiymətləndirilməsi, innovativ biznes ideyalarının dəstəklənməsi, eləcə də təhsil, texnologiya və maliyyə resurslarına çıxış imkanlarının artırılması üçün birgə proqramların həyata keçiriləcəyini vurğulayıb.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi