Dövlət Komitəsində mediatorlar üçün təşkil olunan seminarlar yekunlaşıb

11 iyul 2025 15:43

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı və Mediasiya Şurasının dəstəyi ilə 7–11 iyul 2025-ci il tarixlərində mediatorlar üçün təşkil olunan seminarlar yekunlaşıb. 

Türkiyə Respublikasından dəvət olunmuş mütəxəssis – Ankara Sosial Elmlər Universitetinin Hüquq Fakültəsinin müəllimi, dosent doktor, Türk Dünyası Mediatorlar Birliyi Təhsil Komissiyasının sədri, mediator Yasemin Güllüoğlunun rəhbərliyi ilə həyata keçirilən seminarlarda 40 nəfərdən çox mediatr iştirak edib.

Mütəxəssisin səfəri çərçivəsində hər gün yeni qrup iştirakçılara mediasiyanın prinsipləri, ailədaxili mübahisələrin həlli ilə məşğul olan mütəxəssislərin mediasiya prosesində rolu, yeni mexanizmlər, mediasiya iştirakçıları ilə düzgün ünsiyyətin qurulması və s. kimi məlumatlar təqdim edilib, müxtəlif metodlar birgə icra olunub. Bütün iştirakçılara Azərbaycan dilinə tərcümə edilmiş məlumat kitabçaları, anket sorğuları və testlər təqdim olunub.

Səfər çərçivəsində Yasemin Güllüoğlunun Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində, Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzində, Bakı şəhərində yerləşən Mediasiya Təşkilatlarında  və Azərbaycan Universitetində görüşləri təşkil olunub.

Cari il ərzində görülən işlərin davamı olaraq, mütəxəssisin oktyabr ayında ölkəmizə növbəti səfəri planlaşdırılır.

Qeyd edək ki, seminar Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2023-cü il tarixli, 4059 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı”nın 8.4.6-cı bəndində (Ailədaxili mübahisələrin həlli ilə bağlı mediasiya xidmətlərinin tətbiqinin genişləndirilməsi üçün müvafiq tədbirlərin görülməsi) nəzərdə tutulan fəaliyyətin icrası çərçivəsində təşkil olunub.