Dövlət Komitəsində milli mətbuatın 150 illiyi qeyd olunub

22 iyul 2025 17:33

Paylaş:

22 iyul 2025-ci il tarixində Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova kollektivlə görüş keçirib.

Tədbirdə çıxış edən Bahar Muradova, 150 il əvvəl Azərbaycanda ilk mətbu orqanın yaradılması ilə böyük bir missiyanın başlanmasının, onun bu gün haqqında qürurla bəhs etdiyimiz mediamızın bünövrəsini təşkil etdiyini deyib.

Komitə sədri Azərbaycanın tarixin müxtəlif mərhələlərindən keçərək möhkəm təməllər üzərində formalaşan, öz bünövrəsi üzərində ucalan güclü bir dövlətə çevrildiyini qeyd edib. Əlavə edib ki, Azərbaycan dövləti müstəqil iradəyə, ziyalı fikrinə və vətəndaş mövqeyinə əsaslanaraq formalaşıb və bu gün də xalqın mənafeyini ən yüksək səviyyədə qorumaqdadır.

B.Muradova, bu nailiyyətlərin əsasında ardıcıl, məqsədyönlü dövlət siyasət ilə yanaşı, xalqın köklərinə bağlılığı, müasirliyə və yeniliyə açıq olmasının dayandığını bildirib. O, həmçinin qlobal sarsıntılar fonunda Azərbaycanın daxili sabitliyinin qoruması, beynəlxalq nüfuz qazanması və digər ölkələrin nümunə götürmək istədiyi bir dövlətə çevrilməsinin ölkədə azad sözün, sərbəst düşüncənin qorunması ilə birbaşa bağlılığını diqqətə çatdırıb. Komitə sədri əlavə edib ki, Prezidentin media nümayəndələrinin təltif olunması ilə bağlı imzaladığı son Sərəncam da dövlətin mətbuat sahəsinə göstərdiyi yüksək diqqət və dəyərin bariz nümunəsidir.

Çıxış zamanı Dövlət Komitəsinin media ilə əlaqələrinə diqqət çəkilib, bu sahədə qurulan əməkdaşlığın daha da inkişaf etdirilməsi, qarşıdakı dönəmdə istər ənənəvi, istərsə də rəqəmsal mediada qarşıya qoyulan məqsədlərin reallaşdırılması üçün təklif və tövsiyələr səsləndirilib.

Bahar Muradova müasir dövrdə Azərbaycan mətbuatının dövlətin milli maraqları və strateji məqsədləri naminə çalışdığını deyib və jurnalistləri xalqla dövlət arasında körpü rolunu oynayan önəmli təbəqə kimi dəyərləndirib. Bütün media nümayəndələrini peşə bayramı münasibətilə təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb.

Görüş zamanı Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova jurnalistikanı ictimai məsuliyyət tələb edən bir sahə adlandırıb və vacib məlumatların cəmiyyətə çatdırılmasında mühüm rolunu qeyd edib. Eləcə də digər Komitə nümayəndələri çıxış edərək, mətbuatla əlaqələrin inkişafı  sahəsində həyata keçirilən tədbirlərdən, qurumun Kommunikasiya strategiyası ilə bağlı görüləcək işlərdən danışıblar.