Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva WUF13 çərçivəsində yan tədbirdə çıxış edib

19 may 2026 09:29

Paylaş:

Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “İqlim və Mənzil Dayanıqlığı: Gender Perspektivindən Baxış” mövzusunda yan tədbirdə çıxış edib.

Çıxışında forumun dayanıqlı şəhər inkişafı, inklüziv urbanizasiya və beynəlxalq əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətini vurğulayan C. Rəhmətullayeva bildirib ki, iqlim dəyişiklikləri və sürətli şəhərləşmə sosial rifah, yaşayış mühiti və gender bərabərliyi sahəsində yeni çağırışlar yaradır.

O qeyd edib ki, qadınlar, xüsusilə həssas sosial qruplara aid olan qadınlar iqlim dəyişikliklərinin təsirlərinə daha çox məruz qalırlar. Mənzil təhlükəsizliyi, enerji əlçatanlığı və sosial xidmətlərə çıxış məsələlərində genderə həssas yanaşmanın vacibliyini diqqətə çatdıran aparat rəhbəri dayanıqlı şəhər və mənzil siyasətlərində qadınların iştirakının artırılmasının əhəmiyyətini vurğulayıb.

C. Rəhmətullayeva bildirib ki, Azərbaycanda sosial rifahın gücləndirilməsi, təhlükəsiz və dayanıqlı yaşayış mühitinin təşviqi, həmçinin qadınların qərarvermə proseslərində iştirakının artırılması dövlət siyasətinin əsas prioritetlərindəndir. Bildirib ki, ölkəmiz Qoşulmama Hərəkatı və İqtisadi Əməkdaşlıq Təşkilatına sədrliyi dövründə qadın platformalarının, eləcə də AQEM-in Azərbaycan sədirliyində Qadınlar Şurasının yaradılması təşəbbüskarı kimi çıxış edib, Türk Dövlətləri Təşkilatı, COP29 və digər beynəlxalq platformalar çərçivəsində keçirilən tədbirlərdə iqlim dəyişikliklərinin sosial təsirləri və qadınların bütün sahələrdə iştirakçılığının artırılması məsələləri xüsusi diqqət mərkəzində saxlanılıb.

Sonda Ceyran Rəhmətullayeva iqlim siyasəti və şəhərsalma strategiyalarında gender yanaşmasının tətbiqinin daha inklüziv və dayanıqlı nəticələrin əldə olunmasına töhfə verdiyini bildirib.

Tədbir zamanı iqlim dəyişikliklərinin mənzil təminatı və şəhər dayanıqlılığına təsiri, xüsusilə qadınlar və həssas qruplar üçün yaratdığı çağırışlar, eləcə də genderə həssas urban siyasətlərin əhəmiyyəti müzakirə olunub.