Dövlət Komitəsinin əməkdaşı Ankara şəhərində keçirilən panel müzakirəsində çıxış edib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Zülfiyyə Sadıq Ankara şəhərində keçirilən “Könüllü səfirlərin himayədar ailə baxışı” seminarı çərçivəsində təşkil olunan panel müzakirəsində çıxış edib.
29-30 iyun 2026-cı il tarixlərində Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyinin təşkilatçılığı ilə Ankara şəhərində 30 iyun – Himayədar Ailə Günü münasibətilə “Könüllü səfirlərin himayədar ailə baxışı” seminarı keçirilib.
Seminarda Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan, ailə və sosial xidmətlər naziri Mahinur Özdəmir Göktaş və digər rəsmilər iştirak ediblər.
Seminar çərçivəsində keçirilən “Himayədar ailə xidmətlərində ölkə təcrübələri: Müqayisəli yanaşmalar” adlı panel müzakirəsində Dövlət Komitəsinin əməkdaşı Zülfiyyə Sadıq çıxış edib. O, Özbəkistan, Gürcüstan nümayəndələrinin, eləcə də UNİCEF-in Türkiyə üzrə təmsilçisinin də iştirak etdiyi müzakirələrdə himayədar ailə sahəsində mövcud sosial siyasət və yanaşmalarla bağlı təcrübələrdən bəhs edib. Z.Sadıq çıxış zamanı valideyn himayəsindən məhrum olan uşaqlar üçün yuva olan “Himayədar ailə” qayğı modelinin təşviq edilməsi, prosesin sürətli şəkildə həyata keçirilməsi üçün aidiyyəti qurumların elektron məlumat baza sisteminə çevik inteqrasiyasının vacibliyini vurğulayıb. Həmçinin “Himayədar ailə” olmaq istəyən şəxslərin valideynlik bacarıqlarının və motivasiyasının yüksəldilməsinin, uşaqların bu prosesə psixoloji hazırlığının diqqətdə saxlanılmasını qeyd edib. Panel müzakirəsinin yekununda “Himayədar ailə” qayğı modelini yeni tətbiq etməyə başlayan ölkələr üçün beynəlxalq təcrübənin öyrənilməsinin mühüm töhfə olacağı bildirilib.
Seminarın ikinci günündə himayədar ailədə yaşayan uşaqların iştirakı ilə tamaşa nümayiş olunub, Türkiyə Respublikasında “Himayədar ailə” modelinin tətbiqi üzrə yüksək nəticə göstərən şəxslər mükafatlandırılıb.
Daha sonra xatirə şəkli çəkilib.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi