Dövlət Komitəsinin əməkdaşları Çin Xalq Respublikasında təcrübə səfərində olublar
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi beynəlxalq təcrübənin öyrənilməsinə və qabaqcıl metodologiyaların ölkəmizdə tətbiqinə xüsusi önəm verir.
Bu istiqamətdə tərəfdaş ölkələrlə əməkdaşlığın genişləndirilməsi məqsədilə Dövlət Komitəsi əməkdaşlarının növbəti təcrübə mübadiləsi səfəri Çin Xalq Respublikasına (ÇXR) olub.
Dövlət Komitəsinin 5 nəfərdən ibarət nümayəndə heyəti 2026-cı ilin may–iyun aylarında Çində 4 fərqli mövzuda təşkil olunan beynəlxalq təlim proqramlarında iştirak edib.
Səfər çərçivəsində əməkdaşlar rəqəmsal transformasiya, süni intellekt texnologiyalarının idarəetmədə rolu, rəqəmsal hökumət quruculuğu, "ağıllı şəhər" platformaları, informasiya təhlükəsizliyi, o cümlədən qadınların texnologiya sahəsində liderliyinin təşviqi, rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi, qadınların sosial-iqtisadi sahədə səlahiyyətləndirilməsi və digər istiqamətlərdə qabaqcıl çin təcrübəsi və innovativ yanaşmalarla yaxından tanış olublar.
Digər ölkələrin də sahəvi ekspertlərinin qatıldığı proqramlarda rəqəmsal dövrdə ailə, qadın və uşaq siyasətinin effektiv təşkili mövzusunda səmərəli müzakirələr aparılıb.
Səfər çərçivəsində keçirilən seminarların açılış və bağlanış mərasimlərində Dövlət Komitəsinin əməkdaşları tərəfindən Azərbaycan təcrübəsinə dair geniş təqdimatlar nümayiş etdirilib. Təqdimatlarda rəqəmsal transformasiya sahəsində həyata keçirilən islahatlar, elektron hökumət xidmətləri, kibertəhlükəsizlik sahəsində görülən işlər, eləcə də dövlət xidmətlərinin rəqəmsallaşdırılması istiqamətində əldə olunan nailiyyətlər, qadınların rəqəmsal bacarıqlarının artırılması istiqamətində icra edilən layihələr haqqında məlumatı əhatə edən ölkə hesabatı təqdim olunub.
Seminarların mühüm hissəsini təşkil edən texniki səfərlər və təcrübə mübadiləsi proqramları çərçivəsində iştirakçılar Çinin qabaqcıl texnologiya və innovasiya müəssisələrinin fəaliyyəti ilə yaxından tanış olub, rəqəmsal transformasiya və innovasiya sahəsində tətbiq olunan müasir yanaşmalar barədə ətraflı məlumat əldə ediblər.
Təlim proqramlarını uğurla başa vuran iştirakçılara beynəlxalq sertifikatlar təqdim olunub.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi