Dövlət Komitəsinin sədr müavini İstanbulda Avropa və Mərkəzi Asiya Qayğı Forumunda iştirak edib
Paylaş:
11-12 may 2026- cı il tarixlərində Türkiyənin İstanbul şəhərində “İnklüziv, Davamlı və Gender Bərabərliyinə Əsaslanan İqtisadiyyatlar üçün Qayğı Sistemlərinin Transformasiyası” mövzusunda Avropa və Mərkəzi Asiya Regional Qayğı Forumu keçirilib.
Avropa və Mərkəzi Asiya regionundan hökumət nümayəndələri, BMT qurumları, beynəlxalq maliyyə institutları və vətəndaş cəmiyyəti təmsilçiləri daxil olmaqla ümumilikdə 250-yə yaxın şəxsin iştirak etdiyi tədbirdə Azərbaycan Respublikasını Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanovanın rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Forum qayğı sistemlərinin transformasiyası, ödənişsiz qayğı əməyinin iqtisadi dəyərinin tanınması və gender bərabərliyinə əsaslanan inklüziv iqtisadi modellərin təşviqinə həsr olunub. Forumda qayğı sistemlərinin transformasiyası üzrə regional baxışın formalaşdırılması, “5R” yanaşmasının təşviqi, qayğı işinin iqtisadi dəyərinin ölçülməsi və 2026-2030-cu illər üçün Avropa və Mərkəzi Asiya Qayğı Fəaliyyət Gündəliyinin hazırlanması əsas müzakirə edilib.
Tədbirdə çıxış edən Komitə sədrinin müavini Azərbaycan Respublikasında qadın və gender siyasətində müsbət təcrübələr, ölkəmizdə ailə institutunun möhkəmləndirilməsi, qadınların sosial-iqtisadi fəallığının artırılması, sosial xidmətlərin inkişafı və qayğı xidmətlərinin təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə məlumat verib.
Müzakirələr zamanı regionda demoqrafik qocalma, miqrasiya və doğum səviyyəsinin azalmasının qayğı sistemləri üzərində yaratdığı təzyiqlər, eləcə də qayğı xidmətlərinin peşəkarlaşdırılması və bu sahədə çalışanların hüquqlarının qorunması məsələləri də diqqət mərkəzində saxlanılıb.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi