Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova SPECA İqtisadi Forumunda iştirak edib
Paylaş:
4–5 noyabr 2026-cı il tarixlərində Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) çərçivəsində “SPECA regionunda dayanıqlı inkişaf naminə qarşılıqlı əlaqələrin gücləndirilməsi” mövzusunda İqtisadi Forum keçirilib.
İki gün davam edən beynəlxalq forumda SPECA-ya üzv dövlətlərin yüksək səviyyəli rəsmiləri, beynəlxalq təşkilatların rəhbərləri, dövlət qurumlarının nümayəndələri və ekspertlər iştirak ediblər.
Forumun açılış mərasimində Qırğız Respublikası Nazirlər Kabinetinin sədri Adılbek Kasımaliyev, BMT Baş katibinin müavini və BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (ESCAP) icraçı katibi Armida Salsiah Alisjahbana, eləcə də BMT Baş katibinin müavini və BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) icraçı katibi Tatyana Molçan çıxış ediblər.
Forum çərçivəsində regional iqtisadi əməkdaşlığın genişləndirilməsi, nəqliyyat və ticarət əlaqələrinin inkişafı, rəqəmsallaşma, kiçik və orta sahibkarlığın dəstəklənməsi, qadın sahibkarlığının təşviqi və investisiyaların cəlb edilməsi məsələləri müzakirə olunub.
Noyabrın 5-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini, SPECA-nın Gender və Dayanıqlı İnkişaf Məqsədləri üzrə İşçi Qrupunun sədri Sədaqət Qəhrəmanova “Regional əlavə dəyər zəncirlərində kiçik və orta sahibkarlıq, innovasiyalar və qadın sahibkarlığı” mövzusunda keçirilən sessiyada çıxış edib.
Sessiyada qadınların iqtisadi imkanlarının genişləndirilməsi, qadın sahibkarların maliyyə resurslarına çıxışının yaxşılaşdırılması, sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və qadınların rəhbərlik etdiyi müəssisələrin regional və beynəlxalq bazarlarda iştirakının artırılması məsələlərinə xüsusi diqqət yetirilib.
Forum regional əməkdaşlığın gücləndirilməsi, təcrübə mübadiləsinin aparılması, eləcə də dayanıqlı və inklüziv iqtisadi inkişaf istiqamətində birgə təşəbbüslərin təşviqi baxımından mühüm müzakirə platforması rolunu oynayıb.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi