Dövlət Komitəsinin sədr müavini Serbiyada beynəlxalq konfransda çıxış edib

8 oktyabr 2026 14:22

Paylaş:

7 oktyabr 2026-cı il tarixində Serbiyanın Belqrad şəhərində “Gələcək nəsillər üçün tərəfdaşlıqların qurulması” mövzusunda Qadınların Siyasi və İqtisadi Səlahiyyətləndirilməsi üzrə 2-ci Beynəlxalq Nazirlər Konfransı keçirilib.

Konfransda ölkəmizi təmsil edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova çıxış edib.

O bildirib ki, müasir dünya dərin və sürətli transformasiya proseslərindən keçir, rəqəmsallaşma, süni intellektin inkişafı və dayanıqlı inkişaf modelinə keçid yeni iqtisadi və sosial reallıqlar formalaşdırır. Mövcud şəraitdə dayanıqlı inkişafın təmin edilməsi hər bir insanin bilik, bacarıq, istedad və potensialından səmərəli şəkildə istifadə olunmasını zəruri edir.

S. Qəhrəmanova qeyd edib ki, mövcud problemlərin öyrənilməsi və hərtərəfli təhlili ehtiyacların düzgün müəyyənləşdirilməsinə və effektiv siyasətlərin formalaşdırılmasına imkan verir. Aparılan sistemli işlərin nəticəsi olaraq 2025-ci ildə Azərbaycan Respublikasında 2026–2028-ci illər üzrə Gender Bərabərliyi üzrə Milli Fəaliyyət Planı qəbul edilib.

Çıxışda gender bərabərliyi və məişət zorakılığının qarşısının alınması istiqamətində formalaşdırılmış institusional mexanizmlərə də diqqət çəkilib. Bildirilib ki, regionlarda uşaq və ailələrə dəstək mərkəzləri fəaliyyət göstərir, bələdiyyələrdə “Ailə və dayanıqlı inkişaf” komissiyaları yaradılıb, yerli icra hakimiyyəti orqanları yanında isə “Məişət zorakılığının qarşısının alınması üzrə monitorinq qrupları” fəaliyyət göstərir. Məişət zorakılığına qarşı mübarizənin dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğunu vurğulayan S. Qəhrəmanova “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, bu sahədə xüsusi mexanizmin formalaşdırıldığını vurğulayıb.

Sədr müavini qadınların dövlət idarəçiliyində və hüquq-mühafizə orqanlarında təmsilçiliyində müsbət dinamikanın müşahidə olunduğunu qeyd edib. Bildirib ki, daxili işlər orqanlarında xidmət keçən əməkdaşların 12 faizini qadınlar təşkil edir ki, bu da 4 134 nəfərdir. Qadın vəkillərin ümumi sayda payı isə 26,6 faiz təşkil edir. O, qadınların rəqəmsal və innovativ sahələrdə iştirakının genişləndiyini də diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan qadınları texnologiya, mühəndislik və riyaziyyat kimi sahələrə getdikcə daha çox daxil olur, rəqəmsal bacarıqlarını inkişaf etdirirlər. Çıxışda qadınların iqtisadi səlahiyyətləndirilməsi istiqamətində fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarının roluna da toxunulub.

Kənd təsərrüfatında rəqəmsal həllərin tətbiqinə toxunan Sədaqət Qəhrəmanova 2020-ci ildə kənd təsərrüfatı sektorunda elektron məlumat sisteminin istifadəyə verildiyini bildirib. Qeyd edib ki, bu sistem dövlət və fermerlər arasında yeni münasibətlərin rəqəmsal təməlinə çevrilib. Monitorinq sistemi qadın fermerləri bitki xəstəlikləri və zərərvericilərin yayılması riski barədə 72 saat əvvəlcədən xəbərdar etməyə, həmçinin dəyişən iqlim şəraiti ilə bağlı məlumat verməyə imkan yaradır.

Sədaqət Qəhrəmanova çıxışında nəsillərarası əməkdaşlığın əhəmiyyətini xüsusi vurğulayıb. Bildirib ki, gələcək nəsillərin potensialının reallaşdırılması üçün müxtəlif nəsillərin təcrübə, bilik, enerji və innovativ yanaşmalarının bir araya gətirilməsi vacibdir. O, bu kimi beynəlxalq tədbirlərin dialoq və yeni tərəfdaşlıqların qurulması baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib.