“Erkən evlilik və qohum evliliyin mənfi nəticələri” mövzusunda görüş keçirilib

22 oktyabr 2026 14:59

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Elm və Təhsil Nazirliyinin dəstəyi ilə təhsil müəssisələrində yeniyetmə və gənclər üçün keçirilən maarifləndirici görüşlərin davamı olaraq, 22 oktyabr 2026-cı il tarixində  Azərbaycan İlahiyyat İnstitutunda “Erkən evlilik və qohum evliliyin mənfi nəticələri” mövzusunda görüş keçirilib.

Açılış nitqi ilə çıxış edən İlahiyyat fakültəsinin dekanı Elnurə Əzizova mövzunun aktuallığını qeyd edib, erkən evlilik və qohum evliliyinin yaratdığı fəsadlar, bu halların qarşısının alınmasında maarifləndirmənin əhəmiyyəti barədə fikirlərini bölüşüb.

Daha sonra Dövlət Komitəsinin nümayəndəsi Kamila Əliyeva erkən və qohum evlilikləri ilə bağlı qanunvericiliyə edilmiş dəyişikliklər, bu halların doğurduğu mənfi nəticələr və Dövlət Komitəsi tərəfindən müvafiq istiqamətdə həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. O, eyni zamanda, erkən və qohum evliliklərinin qarşısının alınması ilə bağlı tövsiyələrini bölüşüb, yanlış stereotiplərdən qaynaqlanan bu hallarla mübarizədə cəmiyyətin bütün üzvlərinin fəal iştirakının və birgə səylərinin vacibliyini vurğulayıb.

İnteraktiv formatda keçirilən görüşdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.