“Erkən nikahlarla mübarizə və ailə dəyərlərinin qorunmasında medianın rolu” mövzusunda ictimai müzakirə keçirilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova “Erkən nikahlarla mübarizə və ailə dəyərlərinin qorunmasında medianın rolu” mövzusunda ictimai müzakirədə iştirak edib.
22 iyul 2025-ci il tarixində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Nazirlik yanında İctimai Şuranın birgə təşkilatçılığı ilə keçirilən tədbirdə açılış nitqi ilə çıxış edən Nazirlik yanında İctimai Şuranın sədr müavini Ramin Həbibzadə erkən nikahların qarşısının alınmasında maarifləndirmənin vacibliyinə və bu prosesdə medianın potensial roluna diqqət çəkib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova tədbirdə çıxış edərək, erkən nikah hallarının qarşısının alınması, sağlam ailə modelinin təşviqi və ailə institutunun gücləndirilməsi istiqamətində medianın rolundan danışıb. O, erkən nikahların ailə institutuna mənfi təsirləri və gənclərlə birbaşa işləyən təşkilatların üzərinə düşən vəzifələr barədə ətraflı fikirlər səsləndirib.
S.Qəhrəmanova Dövlət Komitəsinin bu istiqamətdə həyata keçirdiyi tədbirlər barədə məlumat verib və bu sahədə qanunvericilikdə edilən son dəyişikliklər barədə iştirakçıları məlumatlandırıb. Ailə dəyərlərinin qorunması və gənclərin düzgün istiqamətləndirilməsi məqsədilə bu kimi müzakirələrin xüsusi əhəmiyyət daşıdığını bildirən sədr müavini, yeni təşəbbüslərin və birgə səylərin önəmini qeyd edib.
Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Firuzə Rəsulova və sədr müavini Venera Əsgərova da çıxış edərək, ailə dəyərlərinin müasir çağırışlar fonunda qorunması, ictimai şüurun formalaşmasında medianın məsuliyyətli mövqeyi, o cümlədən gənclər təşkilatlarının preventiv təşəbbüslərinin stimullaşdırılması ilə bağlı fikirlər səsləndiriblər.
İctimai Şura üzvləri və gənclər təşkilatlarının rəhbər və nümayəndələri erkən nikahların qarşısının alınması və ailə dəyərlərinin qorunması sahəsində öz fikir və təşəbbüslərini səsləndirərək, erkən nikah probleminə qarşı həyata keçirilə biləcək sosial layihələr, maarifləndirici kampaniyalar və medianın bu proseslərdə dəstək mexanizmləri barədə təkliflərlə çıxış edib.
İctimai müzakirə fikir mübadilələləri ilə yekunlaşıb.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi