“Gender məsələləri üzrə məsul şəxslərin fəaliyyətinin təkmilləşdirilməsi və effektiv koordinasiya” mövzusunda təlimlərə start verilib
Paylaş:
15 aprel 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən təlimin ilk günündə yerli icra hakimiyyəti orqanlarının gender məsələləri üzrə məsul şəxsləri iştirak edib.
Açılış nitqi ilə çıxış edən Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova bildirib ki, təlimlərin keçirilməsində məqsəd gender məsələləri üzrə məsul şəxslərin işinin təkmilləşdirilməsi, onlar arasında səmərəli şəbəkələşməsinin təmin edilməsi, gender bərabərliyi sahəsindəki qanunvericiliklə bağlı səlahiyyətlərini və vəzifələrin aydın şəkildə müəyyən edilməsindən ibarətdir.
O, bu sahədə institusional yanaşmanın gücləndirilməsinin, gender məsul şəxslərin fəaliyyətinin daha səmərəli təşkilinin və əlaqələndirmənin artırılmasının vacibliyini diqqətə çatdırıb.
Çıxış zamanı 2026–2028-ci illər üçün Gender Bərabərliyi üzrə Milli Fəaliyyət Planının icrasının əhəmiyyəti qeyd olunaraq, gender bərabərliyi sahəsində qəbul edilmiş qanunvericilik və siyasət sənədlərinin effektiv tətbiqində aidiyyəti qurumların rolunun xüsusi önəm daşıdığı bildirilib.
Ekspert Abil Bayramov tərəfindən aparılan təlim proqramı çərçivəsində iştirakçılara gender məsələləri üzrə məsul şəxslərin funksiya və vəzifələri, institusional mexanizmlər, eləcə də qurumlararası koordinasiyanın gücləndirilməsi istiqamətində praktik bilik və bacarıqlar təqdim olunub.
Təlim interaktiv müzakirələrlə davam edib.
Qeyd edək ki, təlimlər 16 aprel tarixində bank sektorunun, 17 aprel tarixində isə özəl şirkətlərin gender məsələləri üzrə məsul şəxsləri üçün davam etdiriləcək.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi