Gender məsul şəxslərin rəqəmsal bacarıqlarının artırılması məqsədilə təlim keçirilib

29 iyul 2026 09:24

Paylaş:

Dövlət qurumlarında fəaliyyət göstərən gender məsələləri üzrə məsul şəxslərin rəqəmsal bilik və bacarıqlarının artırılması məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 29 iyul 2026-cı il tarixində təlim keçirilib.
Açılış nitqi ilə çıxış edən Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova bildirib ki, bu gün rəqəmsallaşma dövlət idarəçiliyinin, iqtisadi inkişafın, vətəndaş məmnunluğunun və təhlükəsizliyin əsas sütunlarından birinə çevrilmişdir. Rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi bir dövrdə dövlət qurumlarının rəhbər şəxslərinin, eləcə də bütün əməkdaşların rəqəmsal bacarıqlara malik olması strateji zərurətdir: “Əvvəllər rəqəmsallaşma əsasən İT mütəxəssislərinin məsuliyyəti hesab edilirdisə, bu gün uğurlu rəqəmsal transformasiyanın əsas şərtlərindən biri məhz dövlət qurumlarında çalışan hər bir əməkdaşın bu prosesi düzgün idarə etməsi, texnologiyaların imkanlarını anlaması və strateji qərarları rəqəmsal yanaşma əsasında qəbul etməsidir” - deyə o əlavə edib.
Sədr müavini rəqəmsal transformasiyanın qadınlar və qızlar üçün yeni imkanlar yaratmaqla yanaşı, müəyyən risklər yaratdığını da diqqətə çatdırıb. O vurğulayıb ki, bu gün onlar onlayn zorakılıq, kibertəqib, kiberbullinq, şəxsi məlumatların qanunsuz yayılması, süni intellekt vasitəsilə hazırlanmış saxta görüntü, dezinformasiya və rəqəmsal fırıldaqçılıq kimi çağırışlarla daha çox üzləşirlər. Bu istiqamətdə qadınların yalnız rəqəmsal alətlərdən istifadə etməyi deyil, eyni zamanda rəqəmsal mühitdə gender əsaslı riskləri vaxtında müəyyən etməyi, kibertəhlükəsizlik mədəniyyətini təşviq etməyi, süni intellekt sistemlərinin etik tətbiqinə nəzarət etməyi və dövlət proqramlarının hazırlanmasında gender yanaşmasını nəzərə almağı bacarmalıdırlar.
Təlim zamanı Caspian İnnovasiya Mərkəzinin baş süni intellekt mütəxəssisi, informasiya təhlükəsizliyi üzrə təlimçi Tahir Qurbanov, Samsung Research Canada, aparıcı proqram təminatı mühəndisi Adil Əliyev, Rəqəmsal transformasiya, innovasiya və süni intellekt siyasəti üzrə ekspert Aygün Əhmədova tərəfindən Azərbaycanın rəqəmsal inkişaf prioritetləri, müasir kiber təhdid landşaftı, sosial mühəndislik, rəqəmsal şəxsiyyət və məlumat təhlükəsizliyi, süni intellektin tətbiq imkanları, bu texnologiyanın yaratdığı risklər, etik yanaşmalar və məsuliyyətli istifadə prinsipləri barədə təqdimatlar keçirilib.
Həmçinin, iştirakçılara rəqəmsal mühitdə təhlükəsiz davranış qaydaları ilə bağlı praktiki tövsiyələr verilib.
Yekunda iştiraka görə sertifikatlar təqdim olunub.
Qeyd edək ki, təlim “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nın 2.4-cü bəndinə müvafiq olaraq təşkil edilib.