Göyçayda uşaq əməyinin istismarı və uşaqların insan alveri qurbanına çevrilməsinin qarşısının alınmasına dair tədbir keçirilib
Paylaş:
26 sentyabr 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Göyçay rayon Heydər Əliyev Mərkəzində uşaqların məcburi əməyə cəlb edilməsi və insan alverinin qurbanı olmasının qarşısının alınması mövzusunda təlim təşkil olunub.
Təlimin məqsədi uşaq əməyinin istismarı və uşaqların insan alveri qurbanına çevrilməsinin qarşısının alınması istiqamətində qurumlararası əməkdaşlığın gücləndirilməsi olub.
Görüşdə Mingəçevir, Yevlax şəhər, Ağdaş, Göyçay, Kürdəmir, Ucar və Zərdab rayon icra hakimiyyətləri yanında uşaq hüquqlarının müdafiəsi üzrə komissiyaların əməkdaşları, Daxili İşlər Nazirliyinin yetkinlik yaşına çatmayanlarla işləyən polis inspektorları və sahə rəisləri, Sosial Xidmətlər Agentliyinin nümayəndələri, eləcə də kiçik və orta biznes sahibkarları iştirak ediblər.
Komitənin Uşaq məsələləri şöbəsinin müdiri Cəmilə Bağırova tədbir iştirakçılarına dövlət səviyyəsində görülən işlər barədə ətraflı məlumat verib. Ardınca Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili şöbəsinin baş inspektoru, polis polkovnik-leytenantı Kəmalə Ələkbərova, həmçinin “Azərbaycan Uşaqları İctimai Birliyi”nin rəhbəri Kəmalə Ağazadə tərəfindən təlim keçirilib.
Təlimin proqramına insan alveri qurbanlarının hüquqlarının müdafiəsi, uşaqlara xas aspektləri, uşaqların internet vasitəsilə cinsi istismara və ya zorakılığa cəlb olunması ilə bağlı mövzular daxil edilmişdir.
Mütəxəssislər uşaq əməyinin formaları, istismarla mübarizə istiqamətində qəbul olunmuş beynəlxalq konvensiyalar, qanunvericiliklə müəyyən edilmiş əmək normaları, uşaqlara verilən hüquqi imtiyazlar və onların insan alverindən müdafiəsi ilə bağlı məqamları diqqətə çatdırıblar.
Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb, qarşılıqlı müzakirələr aparılıb.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi