“Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində İmişli rayonunda görüş keçirilib

10 aprel 2025 16:12

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə davam edən layihənin məqsədi regionlarda yaşayan qadınların, yeniyetmə və gənc qızların şəxsi və liderlik bacarıqlarının inkişafına dəstək vermək, ictimai fəallığını təşviq etmək, eləcə də gənc qızların rəqəmsal bacarıqlarının artırılmasıdır.

10 aprel 2025-ci il tarixində baş tutan görüşdə İmişli Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rüfət Muradov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qadın və gender məsələləri şöbəsinin baş məsləhətçisi Aytəkin Quliyeva, Regional İnkişaf İctimai Birliyinin Beynəlxalq tərəfdaşlarla əməkdaşlıq şöbəsinin müdiri Gülbağda Leysanova çıxış edib.

Qeyd edilib ki, layihə qadın hüquqlarının təşviqi və gender bərabərliyinin təmin olunmasına töhfə verməyi hədəfləyir. Bu istiqamətdə görülən işlər qadınların və qızların sosial, iqtisadi və texnoloji imkanlardan bərabər şəkildə yararlanmasına şərait yaradacaqdır.

Görüşdə Elm və Təhsil Nazirliyində Strateji planlaşdırma və təhlil şöbəsinin müdiri, AFFA icraiyyə komitəsinin üzvü, 2019-cu il “Yüksəliş” Müsabiqəsinin qalibi Leyla Xəlilova-Rzazadənin və “Lunchef Catering” MMC və “Hİ Events” Azerbaijan şirkətlərinin təsisçisi Nilufər Qaranın TEDx formatında çıxışları dinlənilib.

Sonda fikir mübadiləsi aparılıb.