“Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində növbəti görüş Şamaxı rayonunda keçirilib

20 may 2025 17:10

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Regional İnkişaf” İctimai Birliyi ilə təşkilatçılıq əsasında 2024-cü ildən etibarən “Güclü cəmiyyətin zərif simaları” adlı layihə həyata keçirir. 

Layihənin məqsədi regionlarda yaşayan qadınlar, yeniyetmə və gənc qızların şəxsi və liderlik bacarıqlarının inkişafına dəstək vermək, ictimai fəallığını təşviq etmək, eləcə də gənc qızların rəqəmsal bacarıqlarının artırılmasıdır.

Eyni zamanda layihə qadın hüquqlarının təşviqi və gender bərabərliyinin təmin olunmasına töhfə verməyi hədəfləyir. Bu istiqamətdə görülən işlər qadınların və qızların sosial, iqtisadi və texnoloji imkanlardan bərabər şəkildə yararlanmasına şərait yaradacaqdır.

Layihə çərçivəsində növbəti görüş 19 may 2025-ci il tarixində keçirilib.

Görüşdə Şamaxı Rayon  İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Mehriban Eyyubova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qadın və gender məsələləri şöbəsinin baş məsləhətçisi Aytəkin Quliyeva, Regional İnkişaf İctimai Birliyinin Layihələr və könüllülərlə iş şöbəsinin rəhbəri Adilə Əliyeva  çıxış ediblər.

Görüşdə Milli Məclisin Gənclər və İdman Komitəsinin sədr müavini, deputat Könül Nurullayevanın,  2023-cü il Gənclər üçün Prezident mükafatı laureatı, Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdir müavini Ülviyyə Axundovanın TEDx formatında çıxışları baş tutub.

            Sonda sual-cavab əsasında fikir mübadiləsi aparılıb.