Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində Oğuz rayonunda görüş keçirilib
Paylaş:
İyunun 9-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə icra edilən “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində Oğuz rayonunda görüş keçirilib.
Oğuz Rayon Mədəniyyət Mərkəzində təşkil olunan tədbirin açılışında iştirakçıları salamlayan Oğuz Rayon İcra Hakimiyyətinin əməkdaşı Əhməd Ağababayev layihənin regionlarda yaşayan qadınların və gənc qızların inkişafına yönəlmiş əhəmiyyətli təşəbbüslərdən biri olduğunu bildirib, onların cəmiyyət həyatında daha fəal iştirakının vacibliyini vurğulayıb. Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qadın və gender məsələləri şöbəsinin müdir müavini Səbinə Talışinskaya və “Regional İnkişaf” İctimai Birliyinin əməkdaşı Vəfa Ağalarova çıxış edərək ölkəmizdə qadınların səlahiyyətləndirilməsi istiqamətində həyata keçirilən dövlət siyasəti, qadınların şəxsi və peşəkar inkişafı üçün yaradılan imkanlar, eləcə də regionlarda təşkil olunan maarifləndirici və motivasiyaedici layihələrin əhəmiyyətindən bəhs ediblər.
Görüş müxtəlif sahələrdə uğur qazanan qadınların TEDx formatında çıxışları ilə davam edib. Elm və Təhsil Nazirliyinin Təhsilin İnkişafı Fondunun İdarə Heyəti sədrinin müavini, “Yüksəliş” müsabiqəsinin qalibi Xanım Daşdəmirova, eləcə də “Azer Legal Group”un rəhbəri, “Citomed” klinikasının icraçı direktoru, həkim və mediator Günel Əliyeva öz uğur hekayələri, təcrübələri və fəaliyyət istiqamətləri barədə iştirakçılarla bölüşərək şəxsi inkişaf, liderlik və motivasiya mövzularında fikir mübadiləsi aparıblar.
Çıxışlardan sonra iştirakçıların sualları cavablandırılıb. Qeyd edək ki, layihə regionlarda yaşayan qadınların, yeniyetmə və gənc qızların şəxsi və liderlik bacarıqlarının inkişafına dəstək vermək, onların ictimai fəallığını təşviq etmək məqsədilə həyata keçirilir.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi