“Həyatının memarı – Sən özünsən” layihəsi çərçivəsində maarifləndirici görüş keçirilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Səhiyyə Nazirliyi və Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Bakı şəhəri Binəqədi rayonunda yerləşən 276 nömrəli tam orta məktəbdə “Həyatının memarı – Sən özünsən” layihəsi çərçivəsində maarifləndirici görüş keçirilib.
Yeniyetmələr arasında maarifləndirmə işinin gücləndirilməsi və sağlam həyat tərzinin təbliği məqsədilə təşkil olunan tədbirdə psixoloqlar, müəllimlər və şagirdlər iştirak ediblər.
Görüşdə Dövlət Komitəsinin əməkdaşı Nailə İbrahimova və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkim-mütəxəssisi Ülkər Camalova çıxış edərək sağlam həyat tərzinin insanın fiziki və psixoloji inkişafına müsbət təsirindən bəhs ediblər. Çıxışlarda zərərli vərdişlərin fərd və cəmiyyət üçün yaratdığı mənfi nəticələr, eləcə də onların qarşısının alınması istiqamətində görülən tədbirlər barədə ətraflı məlumat verilib.
Müzakirə formatında davam edən görüş zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılıb, onlara mövzu ilə bağlı maarifləndirici çap materialları təqdim olunub.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi