“İctimai iştirakçılıqda gənclərin rolu və onlar üçün yaradılan yeni imkanlar” mövzusunda görüş keçirilib

3 fevral 2026 18:01

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi və “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin təşkilatçılığı ilə 2–8 fevral – Gənclər Həftəsi çərçivəsində “İctimai iştirakçılıqda gənclərin rolu və onlar üçün yaradılan yeni imkanlar” mövzusunda görüş keçirilib.

Çıxış edən YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov, gənclərin ölkənin ictimai-siyasi həyatında artan rolundan danışaraq, dövlət tərəfindən yaradılan imkanlardan səmərəli istifadə etməyin vacibliyini vurğulayıb. O, gənclərin təşəbbüskarlığının dəstəklənməsinin və onların ictimai fəallığının artırılmasının davamlı inkişaf baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.

Uşaq Səfirlər Məclisinin üzvləri və “Ailəm” könüllülərinin də iştirak etdiyi görüşdə gənclərin ictimai proseslərdə fəal iştirakı, qərarvermə mexanizmlərinə cəlb olunması, dövlət tərəfindən yaradılan yeni imkan və platformalar ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

Qeyd edək ki, görüşün keçirilməsində məqsəd uşaqların və gənclərin sosial-siyasi aktivliyinin təşviqi, onların potensialının üzə çıxarılmasına dəstək göstərilməsi, milli-mənəvi dəyərlər əsasında maarifləndirilməsi və vətənpərvərlik ruhunda formalaşmasına töhfə verməkdir.