“İnformasiya təhlükəsizliyi” mövzusunda maarifləndirici tədbir keçirilib
Paylaş:
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə M.Rahim adına 7 nömrəli tam orta məktəbdə ibtidai sinif şagirdləri üçün “İnformasiya təhlükəsizliyi” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirin əsas məqsədi uşaqların rəqəmsal mühitdə təhlükəsiz davranış vərdişlərinin formalaşdırılması, internetdən düzgün və məsuliyyətli istifadə qaydaları barədə məlumatlılığın artırılması, həmçinin onlayn risklərdən qorunma yollarının izah edilməsi olub.
Tədbirdə Komitənin Ailə məsələləri şöbəsinin əməkdaşları Rafiq Mahmudov və Ləman Mahmudova iştirak ediblər. Çıxışlar zamanı uşaqlara şəxsi məlumatların qorunması, sosial şəbəkələrdən təhlükəsiz istifadə, kiber təhlükələrdən müdafiə və rəqəmsal davranış mədəniyyətinin əsas prinsipləri barədə məlumat verilib.
Maarifləndirici tədbir çərçivəsində mövzu ilə bağlı videoçarxlar nümayiş etdirilib, uşaqlarla interaktiv müzakirələr aparılıb və onlara maarifləndirici vəsaitlər paylanılıb.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb, informasiya təhlükəsizliyi sahəsində bilik və bacarıqların erkən yaşlardan formalaşdırılmasının əhəmiyyəti vurğulanıb.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi