İşğaldan azad edilmiş ərazilərdə psixososial işin aparılması davam etdirilir
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən işğaldan azad edilmiş ərazilərdə ailə, qadın və uşaq məsələləri sahəsində problemlərin həlli, habelə hədəf qruplarının müvafiq xidmətlərlə əhatəsinin gücləndirilməsi məqsədilə geri qayıdan əhali ilə psixososial işin aparılması davam etdirilir.
Dövlət Komitəsinin tabeliyində olan Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin psixoloq və sosial pedaqoqları tərəfindən 2026-cı ilin 6-7 oktyabr tarixlərində Füzuli, 8 oktyabr tarixində Cəbrayıl, 7-9 oktyabr tarixlərində isə Kəlbəcərdə valideyn və uşaqlarla interaktiv təlimlər, valideyn və müəllimlərin iştirakı ilə pedaqoji-psixoloji məsləhətləşmələr, məktəbəqədər yaş qrupunda olan uşaqlar üçün Denver II qiymətləndirmə testi keçirilib.
Açılış nitqi ilə çıxış edən Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Suqra Cəfərova, Füzuli şəhəri Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin direktoru Həcər Mahmudova, Kəlbəcər rayonu Bəhmən Cəfərov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Vəsilə Cəfərova, Dövlət Komitəsinin tabeliyində olan Füzuli Ailə Mərkəzinin direktoru Gülər Səlimli işğaldan azad edilmiş ərazilərə geri qayıdan ailələrlə aparılan psixososial işin əhəmiyyətindən, bu sahədə həyata keçirilən layihələrdən bəhs ediblər.
Tədbirlərdə Mərkəz əməkdaşları valideyn bacarıqlarının inkişafının uşaqların sağlam, təhlükəsiz və ailə mühitində böyüməsi, onların sosial və emosional inkişafı üçün vacib olduğunu qeyd ediblər. Psixoloqlar tərəfindən keçirilən “Şəxsiyyət yüksəlişi” mövzusunda psixoloji təlimlərə 6-17 yaşlı uşaqlar cəlb olunublar. Təlimlərdə uşaqlarda özünəinam, özünüqiymətləndirmənin yüksəldilməsi, emosiya və hisslərin düzgün ifadə olunması, sosial ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi yönümündə psixoloji oyunlar keçirilib, tapşırıqlar yerinə yetirilib. Həmçinin əməkdaşlar müəllim-şagird münasibətlərinin xarakteri, müəllimlərlə ünsiyyət prosesində yaranan çətinliklər və onların aradan qaldırılması, davranış çətinlikləri olan şagirdlərə kompleks yanaşmalar və digər mövzularda müəllimlərə geniş məlumat veriblər. Psixoloqlar məktəblərdə uşaqlar, yeniyetmələr və ailələr üçün psixoloji konsultasiyalar da keçiriblər. Konsultasiyalar zamanı müraciət edən şəxslərin emosional vəziyyəti və davranış xüsusiyyətləri qiymətləndirilib, müvafiq psixoloji dəstək göstərilib.
Denver II qiymətləndirmə testi zamanı uşaqların şəxsi-sosial, nitq, kiçik və böyük motor bacarıqları qiymətləndirilib, valideynlərə zəruri tövsiyələr verilib.
Qeyd edək ki, ümumilikdə 444 nəfər psixososial işdən faydalanıb.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi