Komitə rəsmisi Ankarada “Uşaqların səlahiyyətləndirilməsi və iştirakı üçün rəqəmsal dünyanın potensialından istifadə” adlı panel sessiyasında çıxış edib

22 aprel 2026 17:56

Paylaş:

Ankarada keçirilən “Rəqəmsal mühitdə uşaqların müdafiəsi üzrə beynəlxalq siyasət və təcrübə mübadiləsi” mövzusunda konfrans çərçivəsində təşkil olunan panel müzakirəsində çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Xarici əlaqələr və protokol xidməti şöbəsinin müdiri Nurəddin Babazadə rəqəmsal texnologiyaların uşaqlar üçün yeni imkanlar yaratmaqla yanaşı, onların cəmiyyət həyatında fəal iştirakını təmin edən mühüm vasitəyə çevrildiyini bildirib.

Nurəddin Babazadə qeyd edib ki, əsas məqsəd uşaqları yalnız qorumaq deyil, onları rəqəmsal dünyanın aktiv və gücləndirilmiş iştirakçıları kimi formalaşdırmaqdır. O, bu istiqamətdə rəqəmsal savadlılığın artırılmasının, tənqidi düşüncə və məsuliyyətli davranış vərdişlərinin inkişafının vacibliyini vurğulayıb.

N. Babazadə əlavə edib ki, rəqəmsal mühitin təhlükəsiz və inklüziv olması dövlətlərlə yanaşı texnologiya şirkətləri, təhsil sistemi və vətəndaş cəmiyyətinin ortaq məsuliyyətidir. O, həmçinin uşaqların rəqəmsal siyasətlərin formalaşdırılması prosesində iştirakının genişləndirilməsinin əhəmiyyətinə diqqət çəkib.

Komitə rəsmisi çıxışında Azərbaycanda uşaqların rəqəmsal mühitdə gücləndirilməsi istiqamətində həyata keçirilən siyasət və proqramlar barədə məlumat verib. Bildirib ki, müvafiq fəaliyyət planları çərçivəsində rəqəmsal savadlılığın artırılması, innovativ təhsil yanaşmalarının tətbiqi və uşaqların təhlükəsiz rəqəmsal mühitə inteqrasiyası prioritet istiqamətlər sırasındadır.

Sonda vurğulanıb ki, rəqəmsal mühitdə məlumatlı, təhlükəsiz və fəal uşaqların yetişdirilməsi cəmiyyətin dayanıqlı inkişafı üçün mühüm əhəmiyyət kəsb edir.