Komitədə Qazaxıstan Sahibkar Qadınlar Assosiasiyasının nümayəndləri ilə görüş keçirilib

Paylaş:
21 may 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Qazaxıstan Sahibkar Qadınlar Assosiasiyasının nümayəndləri ilə görüşüb.
Qonaqları salamlayan sədr müavini S.Qəhrəmanova ölkəmizdə aparılan dövlət qadın siyasəti, eləcə də gender bərabərliyinin təmin edilməsi məqsədilə həyata keçirilən tədbirlər barədə qonaqlara məlumat verib.
Daha sonra Dövlət Komitəsinin fəaliyyəti haqqında danışan S.Qəhrəmanova, qadın hüquqları ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi, qadınların cəmiyyətin bütün sahələrində fəallığının artırılmasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu qeyd edib. Qadınların iqtisadi səlahiyyətlərinin və biznes bacarıqlarının inkişaf etdirilməsi, məşğulluq sahəsində gender fərqlərinin aradan qaldırılmasına yönəlmiş layihələrdən bəhs edib.
Səmimi qəbula görə təşəkkürünü bildirən Qazaxıstan Sahibkar Qadınlar Assosiasiyasının prezidenti Rauşan Sarsembayeva Azərbaycanda qadınların hüquqlarının müdafiəsiəsinə yönəlmiş tədbirlərin və bu sahədə reallaşdırılan layihələrin təqdirəlayiq olduğunu bildirib. O, Qazaxıstanda qadın hüquqları ilə bağlı mövcud vəziyyət haqqında danışıb. Həmçinin rəhbərlik etdiyi Assosiasiyanın fəaliyyəti barədə məlumat verib.
Görüş zamanı Azərbaycanda qadınların iqtisadi təşəbbüskarlığının artırılması, onların sahibkarlıq fəaliyyətində təmsilçiliyinin artırılması və məşğulluqlarının təmin edilməsi sahəsində mümkün əməkdaşlıq məsələləri müzakirə edilib, həmçinin qarşılıqlı maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparılıb.