“Məişət zorakılığından zərər çəkmiş uşaqların müəyyən edilməsi və onlara psixoloji yardımın göstərilməsi” mövzusunda seminar keçirilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Sabunçu rayonu ərazisində yerləşən məktəblərin psixoloqları üçün “Məişət zorakılığından zərər çəkmiş uşaqların müəyyən edilməsi və onlara psixoloji yardımın göstərilməsi” mövzusunda seminar keçirilib.
14 noyabr 2025-ci il tarixində keçirilən seminarın məqsədi məktəb psixoloqlarının məişət zorakılığından zərər çəkmiş uşaqların vaxtında müəyyən edilməsi, onlara psixoloji yardımın göstərilməsi və gələcəkdə bu kimi halların qarşısının alınması sahəsində maarifləndirilməsidir.
Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ədalət Teymurov tədbir iştirakçılarını salamlayaraq, mövzunun aktuallığını qeyd edib.
Seminarda Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova çıxış edərək, məişət zorakılığı hallarının aşkar olunması və dərhal müdaxilə edilməsi sahəsində məktəb psixoloqlarına tövsiyələrini verib.
Dövlət Komitəsinin Hüquqi-təminat şöbəsinin əməkdaşı İradə Məmmədova təqdimatla çıxış edərək “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunu, həmin qanuna edilmiş dəyişikliklər, məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupları barədə məlumat verib, həmçinin məişət zorakılığından zərər çəkmiş uşaqların müəyyən edilməsi, onların müdafiəsi üçün ilkin müraciət olunmalı qurumlar və qurumlararası əlaqələndirmə mexanizmləri haqqında danışıb.
Daha sonra Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov ”Məişət zorakılığına məruz qalmış uşaq və yeniyetmələrin psixodiaqnostikası” mövzusunda təqdimatla çıxış edərək, zorakılığın uşaq psixikasında yaratdığı dəyişikliklərin erkən müəyyənləşdirilməsi, risk indikatorlarının düzgün təhlili barədə danışıb, psixoloqun müdaxilə strategiyalarının elmi əsaslarla qurulmasının vacibliyini vurğulayıb.
Sonda Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin psixoloqu Nərmin Abbasova “Uşaqlara qarşı zorakılığın diaqnostikası və fəsadları” mövzusunda təqdimatla çıxış edib.
Seminar sual-cavab sessiyası ilə davam edib.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi