Məişət zorakılığının qarşısının alınması sahəsində yaradılan monitorinq və əlaqələndirmə qrupunun iclası keçirilib

21 aprel 2026 14:02

Paylaş:

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 iyul 2024-cü il tarixli, 367 nömrəli Qərarına əsasən 17 aprel 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən yaradılan monitorinq və əlaqələndirmə qrupunun 2026-cı ilin birinci rübünün yekununa dair iclası keçirilib.

İclası monitorinq və əlaqələndirmə qrupunun rəhbəri, Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova açaraq gündəlikdə duran məsələlərin əhəmiyyətini diqqətə çatdırıb.

Məişət zorakılığından zərərçəkmiş şəxslərin sığınacağa yerləşdirilməsi ilə bağlı qanunvericilikdə olan boşluqlar, məişət zorakılığı faktları və üç aylıq hesabat iclasın gündəliyində duran əsas məsələlərdən olub.

Daha sonra məişət zorakılığından zərərçəkmiş şəxslərə sosial xidmət göstərilməsi üçün akkreditasiya olunmuş 8 qeyri-dövlət yardım mərkəzinin rəhbərlərinin də iştirakı ilə keçirilən iclasda zərərçəkmiş şəxslərin sığınacağa yerləşdirilməsi ilə bağlı yaranan çətinliklər, yardım mərkəzlərinin maddi texniki təminatının gücləndirilməsinin zəruriliyi və müvəqqəti saxlama mərkəzlərinin yaradılması ilə bağlı geniş müzakirələr aparılıb.

Monitorinq və əlaqələndirmə qrupunun üzvləri iclasın yekununda Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 iyul 2024-cü il tarixli, 367 nömrəli Qərarı ilə təsdiq olunmuş “Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qruplarının fəaliyyət Qaydası”nın 4.1.3, 5.1.1-ci bəndlərini nəzərə alaraq, yuxarıda qeyd olunan məsələlərlə bağlı aidiyyəti dövlət orqanlarına tövsiyələrin göndərilməsini məqsədəmüvafiq hesab ediblər.