Məktəblərdə “Uşaqların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda görüşlər keçirilib
Paylaş:
20–21 may 2025-ci il tarixlərində Bakı şəhərində yerləşən 163 və 314 nömrəli tam orta məktəblərdə müəllim, valideyn və şagird heyəti üçün “Uşaqların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda görüşlər təşkil olunub.
Görüşlərin keçirilməsində əsas məqsəd məktəblilərdə ailə dəyərlərinə hörmət, xalqa sədaqət, valideyn-övlad münasibətlərinin sağlam təməl üzərində qurulması, milli kimlik və vətəndaş məsuliyyəti kimi mühüm anlayışların formalaşdırılması istiqamətində bilik və düşüncələrin artırılması olub.
Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları Zülfiyyə Sadıq və Ləman Mahmudova çıxış edərək, milli-mənəvi və ailə dəyərlərinin uşaqların şəxsiyyət kimi formalaşması, onların sosial və mənəvi inkişafında mühüm rol oynadığını vurğulayıblar.
Sonda məktəb rəhbərliyi və kollektiv tərəfindən bu istiqamətdə görülən işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib.
Tədbirin yekununda mövzuya dair videoçarx nümayiş etdirilib və iştirakçılara maarifləndirici çap materialları təqdim olunub.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi