“Mənim hüquqlarım” adlı təşviqat avtobusu layihəsinə yenidən start verilib

3 iyul 2026 02:48

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 30 iyun-2 iyul 2026-cı il tarixlərində regionlarda yaşayan uşaqların asudə vaxtının səmərəli təşkili və onların maraqlarına toxunan mövzularda maarifləndirilməsi məqsədilə keçirilən “Mənim hüquqlarım” adlı təşviqat avtobusu layihəsi çərçivəsində Biləsuvar rayonuna növbəti səfər təşkil olunub.

Səfər çərçivəsində Biləsuvar Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Bəydili, Əsgərabad, Xırmandalı, Təzəkənd və Aşağı Cürəli kəndlərində 125 uşağın iştirakı ilə “İnternet təhlükəsizliyi”, “Uşaq hüquqları” və “Asudə vaxtın səmərəli təşkili” mövzularında təlimlər keçirilib.

Təlimlərdə Dövlət Komitəsinin əməkdaşı Həsən Əliyev, Milli Kibertəhlükəsizlik Agentliyinin mütəxəssisi Gülər Rzayeva, “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin sədri Misir Məmmədov mövzular üzrə iştirakçılara məlumat veriblər. Həmçinin müxtəlif qrup işləri, interaktiv oyunlar təşkil olunub, müzakirələr aparılıb. Eləcə də Uşaq Səfirlər Məclisinin fəaliyyəti diqqətə çatdırılıb.

Təlimlərin sonunda uşaqlara mövzu ilə əlaqəli yapışqanlı stikerlər paylanılıb, müxtəlif bədii kitablar hədiyyə edilib.