“Mənim hüquqlarım” təşviqat avtobusu layihəsi çərçivəsində Masallı rayonuna növbəti səfər təşkil olunub

28 avqust 2026 17:14

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 26-28 avqust 2026-cı il tarixlərində regionlarda yaşayan uşaqların asudə vaxtının səmərəli təşkili və onların maraqlarına toxunan mövzularda maarifləndirilməsi məqsədilə keçirilən “Mənim hüquqlarım” adlı təşviqat avtobusu layihəsi çərçivəsində Masallı rayonuna növbəti səfər təşkil olunub. 

Səfər çərçivəsində Masallı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Qəriblər, İkinci Yeddioymaq, Hişkədərə, Mahmudavar və Həsənli kəndlərində 134 uşağın iştirakı ilə “İnternet təhlükəsizliyi”, “Uşaq hüquqları” və “Asudə vaxtın səmərəli təşkili” mövzularında təlimlər keçirilib. Təlimlərdə Dövlət Komitəsinin əməkdaşı Könül Tağızadə, Milli Kibertəhlükəsizlik Agentliyinin mütəxəssisi Fatimə Həbibova, “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin sədri Misir Məmmədov mövzular üzrə iştirakçılara məlumat veriblər.

Həmçinin müxtəlif qrup işləri, interaktiv oyunlar təşkil olunub, müzakirələr aparılıb. Eləcə də Uşaq Səfirlər Məclisinin fəaliyyəti diqqətə çatdırılıb. Təlimlərin sonunda uşaqlara kitablar hədiyyə olunub.