Narkomaniya ilə mübarizə mövzusunda maarifləndirici tədbirlər keçirilib
Paylaş:
Cari ilin oktyabr - noyabr aylarında Bakı şəhəri Sabunçu rayonunda yerləşən 11 nömrəli İnteqrasiya təlimli internat məktəbi, Qaradağ rayonunda yerləşən E.Quliyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 9 nömrəli Xüsusi internat məktəbi və 2 nömrəli Xüsusi internat məktəbində yuxarı sinif şagirdləri üçün narkomaniyaya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirlərdə məktəbin müəllim və yuxarı sinif şagirdləri üçün yerli icra hakimiyyətlərinin nümayəndələri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Bakı Şəhər Narkoloji Mərkəzinin və qeyri-hökumət təşkilatının nümayəndələri mövzu ətrafında çıxış ediblər.
Çıxış edən Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin əməkdaşı Həsən Əliyev uşaqların və yeniyetmələrin zərərli vərdişlərdən qorunmasının, onların sağlam və təhlükəsiz mühitdə böyüməsinin vacibliyini vurğulayıb. O, narkomaniyanın profilaktikasında ailə və təhsil müəssisələrinin rolundan danışaraq, yeniyetmələr arasında sağlam həyat tərzinin təşviq edilməsinin əhəmiyyətini qeyd edib.
Görüşlər çərçivəsində narkotik vasitələrin insan sağlamlığı və gələcək həyat üçün yaratdığı təhlükələr, narkomaniyanın qarşısının alınmasında profilaktik və maarifləndirici tədbirlərin əhəmiyyəti barədə məlumat verilib.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb və mövzu ilə əlaqəli maarifləndirici materiallar paylanılıb.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi