“Narkomaniya ilə mübarizədə media və vətəndaş cəmiyyətinin rolu” mövzusunda maarifləndirici təlim keçirilib

5 noyabr 2026 16:24

Paylaş:

5 noyabr 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Narkomaniya ilə mübarizədə media və vətəndaş cəmiyyətinin rolu” mövzusunda maarifləndirici təlim təşkil olunub.

Təlimin məqsədi narkomaniyaya qarşı mübarizədə media və vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi, bu sahədə maarifləndirmə fəaliyyətinin səmərəliliyinin artırılması, habelə ictimaiyyətin məlumatlılıq səviyyəsinin yüksəldilməsidir. 

Açılış nitqi ilə çıxış edən Dövlət Komitəsinin Analitik təhlil və informasiya təminatı şöbəsinin müdir müavini Aidə Seyidli narkomaniyaya qarşı mübarizənin kompleks və sistemli yanaşma tələb etdiyini qeyd edib. Çıxışında medianın ictimai rəyin formalaşdırılması, cəmiyyətin məlumatlandırılması və profilaktik tədbirlərin təşviqində mühüm rolunu vurğulayan A. Seyidli bu istiqamətdə dövlət qurumları, media nümayəndələri və vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın vacibliyini diqqətə çatdırıb.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun baş məsləhətçisi Şahin İsmayılov “Narkomanlığa qarşı mübarizədə dövlət siyasəti və maarifləndirmənin prioritet istiqamətləri” mövzusunda təqdimatla çıxış edib. O, narkomanlığa qarşı mübarizə sahəsində dövlət siyasətinin əsas prioritetləri və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, eləcə də narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətləri və mövcud vəziyyət barədə məlumat verib. Çıxışda narkotik asılılığının bioloji, sosial və psixoloji səbəbləri, asılılığın inkişaf mərhələləri, eləcə də onun fərdin sağlamlığına, ailə münasibətlərinə və cəmiyyətə mənfi təsirləri diqqətə çatdırılıb.

Daha sonra Səhiyyə Nazirliyinin 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasının klinik psixoloqu, psixoterapevt Rövşən Nəcəfov “Asılılıq psixologiyası və ictimai kommunikasiya: stiqma, stereotiplər və məsuliyyət” mövzusunda təqdimatla çıxış edib. Çıxışda asılılığın psixoloji xüsusiyyətləri, narkomaniyadan əziyyət çəkən şəxslərə münasibətdə cəmiyyətdə formalaşmış stereotiplər və stiqmanın aradan qaldırılmasının əhəmiyyəti, eləcə də mövzunun mediada işıqlandırılması zamanı peşəkar və etik kommunikasiya prinsiplərinə riayət olunması məsələləri diqqətə çatdırılıb.

Təlim mövzu ətrafında interaktiv müzakirələrlə davam edib.

Qeyd edək ki, təlim Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024–2026-cı illər üzrə Kommunikasiya Strategiyasının 3.1-ci bəndinə əsasən jurnalist, bloger və qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün keçirilib.